Bu gün bp Azərbaycanın bir ölkə kimi yaranışının araşdırılmasına həsr olunmuş iki geniş əhatəli tədqiqat kitabını ictimaiyyətə təqdim edib.
TƏHSİL.BİZ xəbər verir ki, “Azərbaycan. Tarixi-coğrafi atlas” və “Azərbaycan. Tarixi-etnoqrafik atlas” adlanan bu kitablarda ilk dəfə olaraq qədim və orta əsrlərə aid coğrafi xəritələrin tarixi və etnomədəni təhlili elmi araşdırma mətnləri ilə müşayiət olunur. Xəritələrin bu elmi təsvirləri Azərbaycanın qədim dövlət kimi formalaşmasını əks etdirən tarixi faktlar və sübutlara əsaslanır.
bp-nin bu tədqiqata dəstəyi onun Azərbaycanın tarixinin və zəngin mədəni irsinin təbliğinə töhfə vermək öhdəliyinin bir hissəsidir. Ümumilikdə 564 səhifədən ibarət bu kitablar daha geniş oxucu kütləsini əhatə etmək məqsədilə iki dildə - Azərbaycan və ingilis dillərində nəşr edilib.
Kitablar ətraflı kartoqrafik təhlili tarixi və etnoqrafik sənədlərlə birləşdirən yenilikçi bir tədqiqat işidir. Bu unikal yanaşma oxuculara Azərbaycanın tarixi mənzərəsinin canlı və dəqiq təsvirini təqdim edir, ərazinin və ətraf regionların coğrafi və mədəni təkamülü vasitəsilə xalqın etnik mənsubiyyəti haqqında dolğun təsəvvür yaradır. Tarixi xəritələrin və sənədlərin təfərrüatlı təhlili Azərbaycanın tarixi coğrafiyasının əhatəli və dəqiq təsvirini formalaşdırır.
Kitabın müəllifi tanınmış alim, görkəmli ictimai və dövlət xadimi, tarix elmləri doktoru, professor Həsən Həsənovdur.
“Bu layihəyə dəstək verməklə biz ölkənin tarixi əhəmiyyətinin və bütün regionun inkişafındakı rolunun daha geniş şəkildə anlaşılmasına töhfə vermək niyyətindəyik. Bu mühüm tədqiqat işi Azərbaycan adlanan bu qədim torpağın tarixinin zənginliyinə və rəngarəngliyinə, eləcə də bu qədim sivilizasiyanın Azərbaycan türklərinin tarixi və mədəni irsinin möhtəşəmliyinə daha bir sübutdur. İnanırıq ki, bu kitablar regionun tarixi inkişafı ilə maraqlanan alimlər, tədqiqatçılar və geniş oxucu kütləsi üçün dəyərli bir mənbə olacaq”, - deyə bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Bu gün Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində tanınmış tarixçilər, alimlər, tədqiqatçılar və mədəniyyət xadimləri iştirak ediblər. Tədbirdə çıxış edənlər bu tədqiqat işinin əhəmiyyətini qeyd edərək, müəllifin metodologiyası və yanaşmasının ölkənin və bütövlükdə regionun qədim dövrlərdən başlayaraq keçdiyi tarixi və coğrafi təkamül yollarının araşdırılmasında mühüm rol oynadığını vurğulayıblar.
Layihənin dəyəri 178 min 540 manat (105 min dollar) təşkil edib. Layihə TEAS Press Nəşriyyat Evi tərəfindən yerinə yetirilib.
bp bu kitabları kitabxanalara, universitetlərə və aidiyyəti elmi-tədqiqat institutlarına hədiyyə olaraq təqdim edəcək.