Logo

BSU-da “Türk dünyası: əməkdaşlıqdan-müttəfiqliyə” mövzusunda dəyirmi masa keçirilib

16.05.2025 16:09 92 baxış
IMG

Mayın 15-də Bakı Slavyan Universitetində (BSU) Şərqi Avropa və Balkanşünaslıq fakültəsinin Regionşünaslıq kafedrasının təşkilatçılığı ilə “Türk dünyası: əməkdaşlıqdan-müttəfiqliyə” mövzusunda dəyirmi masa təşkil olunub.

Dəyirmi masanın əsas məqsədi Türk Dövlətləri Təşkilatının mövcud imkanlarının, regiondakı geosiyasi dəyişikliklər fonunda Türk dövlətlərinin ortaq maraqlarının və gələcək strateji hədəflərinin müzakirəsi olub.

“Ümummilli Lider Heydər Əliyev və Türk dünyasında integrasiya prosesi” mövzusunda çıxış edən Regionşünaslıq kafedrasının müdiri İbrahim Quliyev Ümummilli Lider Heydər Əliyevin təşəbbüsləri sayəsində 1990-cı illərdən etibarən Türk dövlətləri arasında əlaqələrin yalnız mədəni müstəvidə deyil, siyasi və iqtisadi sahələrdə də intensivləşməyə başladığını, Heydər Əliyevin Türk dünyasının birliyi ideyasını daim ön planda saxladığını, xüsusilə 1992-ci ildə yaradılan Türk Dilli Dövlətlərin Zirvə Görüşləri formatında Azərbaycanın fəal iştirakının Heydər Əliyevin siyasi uzaqgörənliyinin nəticəsi olduğunu vurğulayıb. Bu gün Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın müttəfiqliyə keçidində Heydər Əliyevin yaratdığı zəminin əsas rol oynadığını bildirən İ. Quliyev onun “Bir millət, iki dövlət” fəlsəfəsinin artıq “bir millət, çox dövlət” düşüncəsinə çevrildiyini qeyd edib.

Daha sonra çıxışçılar “Türk Dövlətləri Təşkilatının formalaşmasında Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rolu”, “Yeni dünya düzənində Türk Dövlətləri Təşkilatının (TDT) yeri”, “Türk dünyasında rəqəmsal diplomatiyanın mədəni aspektləri”, “Ortaq türk dilinin formalaşması: perspektivlər və problemlər” mövzularında çıxış ediblər.

Sonda tədbir iştirakçıları arasında qarşılıqlı fikir mübadiləsi aparılıb.

 

 

 

 


 

Xəbər lenti