Logo

Şərqşünas alimlər Kiyevdə keçirilən beynəlxalq konfransda məruzə ediblər

15.05.2025 12:14 44 baxış
IMG

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun əməkdaşları Kiyev şəhərində Draqomonov adına Ukrayna Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilən beynəlxalq konfransda iştirak ediblər.

İnstitutdan TƏHSİL.BİZ - ə bildirilib ki, Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin müdiri dosent Fərda Əsədov konfransda ingilis dilində “Ərəb işğalı öncəsi və zamanında Qafqaz Albaniyasında köçərilər və əkinçilər” mövzusunda məruzə edib. Məruzə İslamı qəbul etmiş türklərin, hunların və xəzərlərin, bu zamanlarda Albaniya ərazisində məskunlaşması və uzaq məsafəli beynəlxalq ticarətdə tərəfdaşlığı barədə olub.

Elmi katib dosent Səbinə Səmədova isə konfransda "Abbasilər dövründə musiqi" adlı məruzə ilə çıxış edib. Məruzədə bildirilib ki, Ərəb ədəbiyyatının müxtəlif dövrləri (cahiliyyə, Sədr əl-İslam, Əməvilər, “Əsrül-İnhitat”, “Əsr ən-Nəhda”) arasında Abbasilər dövrü (750-1258) həm tarixi əhəmiyyətinə, həm də Xəlifəliyin ümumi inkişafı baxımından ən uzunmüddətli dövr olub. Təsadüfi deyil ki, tədqiqatçılar onu “əl-Əsr əz-Zəhəbi” (“Qızıl əsr”) adlandırıblar. Abbasilər hakimiyyəti dövründə musiqi sənəti ümumi mədəni çiçəklənmədən kənarda qalmayıb, əksinə, o dövrün ən əlverişli şəraiti daxilində inkişaf edib. Bu dövrdə İbrahim, İshaq, Qarun, İbn Kəna, İbn Cami kimi məşhur vokalçıların meydana çıxması ilə musiqi ifaçılığı sənəti diqqətəlayiq zirvələrə çatıb. Bu sənət sahəsində kişilərlə yanaşı qadınlar da fəal rol oynayıblar. Ən görkəmli qadın ifaçılar arasında Xəlifə əl-Məmunun cariyələri, o cümlədən Oraib, Bida və Şaciyə və başqaları var idi. Onlar ud, tənbur, kamanca, zəbur kimi musiqi alətlərində mahir idilər. Ərəblər onların melodiyalarını dinləyir, onlara şeir qatırdılar. Təsadüfi deyil ki, “Qızıl əsr” adlanan dövrdə dövrünün qabaqcıl musiqiçilərindən sayılan İbrahim əl-Mövsili xanəndə yetişdirmək üçün şəxsi məktəb yaradıb.

Ərəb ölkələrinin tarixi və iqtisadiyyatı şöbəsinin aparıcı elmi işçisi dosent Gülər Qafqazlı İsmayıl bəy Qaspralının türk-müsəlman qadınlarının maariflənməsi, cəmiyyətdə daha fəal iştirak etməsi və s. kimi fikirlərini həyata keçirməsi üçün Qərb və Şərq ölkələrinə səyahətindən bəhs edib. Onun Hindistanda iki yeni qız məktəbinin açılmasına nail olması, Misirə gedib qadınların vəziyyəti ilə maraqlanması, orada qadınların təhsil alması üçün cümə namazında xütbə oxuması və s. barədə danışıb.

Həmin şöbənin elmi işçisi Jalə Vəlinin "Əli ibn Abu Talibin şəxsiyyətinin dini və teoloji kontekstində tərif və tənqidi" adlı məruzəsi dinlənilib. Məruzə bir neçə hissədən ibarət olub. Belə ki, məruzəçi öncə Əli ibn Abu Talibin erkən İslam dövründə olan məziyyətlərindən, onun haqqında mövcu hədislərdən, şücaətindən bəhs edən hədislərdən danışıb, ikinci hissədə Əli ibn Abu Talib haqqında mövcud tənqidi baxışlara toxunub, onları şərh edib. Nəhayət, üçüncü hissədə Əli ibn Abu Talibin mövqeyini teoloji prizmadan yanaşaraq şərh edib.

Xəbər lenti