Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) startap layihəsi Bakıda işə başlayan XXX Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi - “InterFood Azerbaijan” və XVIII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı - “Caspian Agro” sərgilərində ziyarətçilərə təqdim olunur.
TƏHSİL.BİZ -in bölgə müxbiri xəbər verir ki, Prezident İlham Əliyevə də təqdim olunan “Azirrigation” layihəsi süni intellektlə dəstəklənib, IoT texnologiyası ilə işləyən “ağıllı” suvarma sistemidir. Təzyiq tənzimləyicilərinə malik e-valflar və mobil tətbiqlə inteqrasiya olunmuş sistem vasitəsilə fermer bir toxunuşla sahəsinə tam nəzarət edə bilir. Eyni zamanda, sistem ona məhsuldarlığı necə artıracağı barədə məlumat və tövsiyələr də verir.
Beş hektar sahədə sınaqdan keçən texnologiya nəticəsində su istifadəsi 100 tondan 5 tona enib, yəni suya 95 faiz qənaət edilib. Eyni zamanda, məhsuldarlıq 2 dəfə artıb.
Proqnozlara əsasən, bu texnologiya bir ildə 4,2 milyon dollar gəlir gətirə bilər.
Sərgidə ADAU-nun İnnovasiya mərkəzinin rəhbəri Elvin Ağayev, III kurs tələbəsi Şirvan Həsənov və Fidan Mürsəlova, I kurs tələbəsi Sadiq Mustafayev və II kurs tələbəsi Bayram Süleymanov iştirak ediblər.
Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını, həmçinin açıq sahəsini əhatə edən və bu gün başa çatacaq “InterFood Azerbaijan” və “Caspian Agro” sərgilərinə 31 ölkədən 450 şirkət qatılıb.