Logo

“Həyəcan təbili həyəcanlı anlara qədər çalınmalı idi, həyəcandan sonra yox...”

16.05.2025 14:22 129 baxış
IMG

 

“Problemin üstünə gedib onu həll etmək lazımdır, problemləri sadalamaq yox!”

“Son zəng”i yaddaqalan etmək üçün bahalı məkanlara, dəbdəbəli paltarlara yox, sadə, dəyərli duyğulara ehtiyac var”;“Məzunlar dərk etməlidir ki, “Son zəng” sadəcə əyləncə və şəkil çəkdirmə mərasimi deyil, təhsil dövrünün yekunu və yeni bir həyata keçidin başlanğıcıdır”:“Gəlin, təmtərağın arxasında mənanı itirməyək”;“Son zəng”in keçirilməsinin əsas məqsədi şagirdlərə keçdikləri yola nəzər salıb, gələcək uğurlarının yollarını göstərmək olduğu halda, şagirdlər arasında narazılığın yaranması yolverilməzdir”;“Bizim yaxşı başlanğıcı, nailiyyəti qeyd etmək kimi el adətimiz var. Ancaq qeyd etmənin də bir əndazəsi var. Bu indi məktəblərə də gəlib çatıb”; Məktəblərə protokollar göndərilib və tələblərdən kənara çıxmaq olmaz”; "Son zəng"lə əlaqəli məktəblərdə yaradıcı və bədii hissə ola bilər. Amma valideynlərə əlavə maliyyə yükü yaradan tədbirlərin keçirilməsinə yol verilməməlidir" və s. və i.a
Nazirlik rəsmisi də deyir ki, “Son zəng” tədbirinin şouya çevrilməsi kritik həddə çatıb ki, artıq bu qədər protokollar, təlimatlar göndərilib və cəmiyyətdə belə əks-səda yaradır. Tək məktəb deyil, cəmiyyət olaraq hamımızın işidir ki, biz məktəbdə qeyri-konsumerizm mədəniyyəti, uşaqlarımızı səlahiyyətləndirmək mədəniyyəti formalaşdıraq. Uşaqlarımız üçün işləməyək, uşaqlarla birlikdə işləməyə başlayaq. Uşaqları öyrədək ki, bu cür tədbirlərə özləri rejissorluq etsinlər, kreativlik göstərsinlər. Son zamanlar görürsünüz, məktəblərin hamısı bahalı şarlarla bəzədilir, fişəng atırlar, dronla videoçəkiliş aparırlar, musiqi kollektivləri çağırırlar, xüsusi xoreoqraf gəlib aylarla onlarla işləyir. Bir tərəfdən cəmiyyət olaraq bizi konsumerizm boğur, ikinci tərəfdən də biz uşaqlarımızı tüfeyli kimi böyütmürükmü? Bunlar artıq 17-18 yaşında uşaqlardır. Onlar sabah tamamilə sərbəst həyata başlayacaqlar. Bu şou ilə biz nə etmək istəyirik? Bunun təhsilin keyfiyyətinə, uşağın insan kimi formalaşmasına hansı xeyiri var?”
Daha sonra isə Ümumi təhsil müəssisələrinə 2024-2025-ci tədris ilinin "Son zəng" tədbirlərinin keçirilməsini tənzimləyəcək təlimatın göndərilməsi ilə bağlı yayılan məlumatların həqiqəti əks etdirməməsi barədə xəbər yayılır və bildirilir ki, bu il keçiriləcək "Son zəng" tədbirində məzunlar da daxil olmaqla bütün şagirdlər məktəbli formasında olmalı, səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməli, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməli, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etməlidirlər.
Ötən illərin birində də “Son zəng” ərəfəsində Təhsil Nazirliyi tədbirin hər bir ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, yaxud ümumi təhsil müəssisələrinin idman və ya akt zallarında təşkil olunacağı, tədbirdə valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirak edə biləcəyi, “Son zəng” müddətində şagirdlərin təhlükəsizliyinin təmin olunması istiqamətində zəruri tədbirlər görüləcəyi barədə müvafiq əmr verilmişdi. Bununla belə son zənglə bağlı tədbirlər çərçivəsində xoşa gəlməz hadisələr bəzən qaçılmaz olur. Qəbələ rayonundan istirahətdən gələn şagirdləri daşıyan avtobusun qəzaya uğraması hər hansı bir qayda və göstərişlərlə qarşısının alınması və ya məhdudlaşdırılması da uğurlu addım effektini  vermədi.

Artıq neçə illərdir ki, yuxarıda sadaladığımız pafoslu, çıxışlarla nəyə nail olmuşuq ki, bundan sonra da nail olacağımıza ümid bəsləyə bilək...?  Elə il olmur ki, məktəblərdə pul yığımı ilə bağlı məsələ gündəmə gəlməsin, bu ətrafda müzakirə və mübahisələr başlamasın. Yəni, bu kimi hallarla birinci dəfə deyil ki, rastlaşırıq və bunun ətrafinda şou yaratmaqla nəyə nail oluruq? Bu barədə düşünməliyik. Yəni, bu məkrli, bu hikkəli adamlar necə və hansı yollarla bu kimi məsul vəzifələrə düşürlər və ya təyinat alırlar. Nə qədər ki, nəticəni qabardıb, səbəbdən yan keçmək yolunu tutacağıq, bu kimi xoşagəlməz halların baş verməsi də bir o qədər qaçılmaz olacaq. Bircə, pul verməyənlərin “Son zəng” tədbirinə buraxılmayacağı qlmışdı o da baş verdi.

Həyəcan təbili həyəcanlı anlara qədər çalınmalıdır, həyəcan təbili çalındıqdan sonra yox. Problemin üstünə gedib onu həll etmək lazımdır, problemləri sadalamaq yox! Ötən il bir sıra məktəbklərdə “Son zəng” tədbirlərində nə ölçü götürdük ki, indi səsləndirilən musiqilərin seçiminə ciddi nəzarət edilməsi, bayağı musiqilərin səsləndirilməsinə yol verilməməsi, məzunlar yalnız Azərbaycan milli rəqslərini ifa etmələri barədə tövsiyələr veririk. Artıq “Əlifba bayramı” kimi tədbirlərimiz məktəblərdə, birinci siniflərdə, dərs ilinin son həftələrində deyil, istənilən vaxt, istənilən yerdə - restoranlarda, şadlıq evlərində, istənilən tərkibdə keçirilır.
Təki, hansısa valideynin və ya valideyn komitəsinin bu bayramın keçirilməsində marağı və təşəbbüsü olsun. İndi kim təminat verə bilər ki, tədbir məhz, ümumi təhsil müəssisəsinin həyətyanı sahəsində, həyətyanı sahəsi olmayan ümumi təhsil müəssisələrində idman və ya akt zallarında təşkil ediləcək, hansısa məktəb protokol  tələblərdən kənara çıxmayacaq. Belə getsə, məktəbə qalan məktəb direktorunun şəxsi maraqları, valideynə qalan övladının sevincini istənilən yerdə, istədiyi ətrafı ilə, istədiyi formada bölüşmək, bizə isə qalan, bir vaxtlar məktəb həyatınin ən xoş və gözəl bir ənənəsi olan “Son zəng”in nostalji hissləri ilə bağlı xoş xatirələr qalacaq.

 

Xəbər lenti