Noyabrın 26-da Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə Respublikasının Süleyman Dəmirəl Universiteti və Sakarya Universitetinin nümayəndə heyətləri ilə görüş keçirilib. Görüşlər çərçivəsində ADPU ilə hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
Görüşlərdə Süleyman Dəmirəl Universitetini rektor prof. Məhmət Saltan və beynəlxalq əlaqələr üzrə ümumi koordinator dos. İbrahim Xubilay Türkay, Sakarya Universitetini isə rektor prof. Həmzə Al və prof. Aytəkin İşman təmsil ediblər. ADPU tərəfindən rektor prof. Cəfər Cəfərov, tədris işləri üzrə prorektor dos. Eldar Aslanov, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova və İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Taleh Mirzəyev iştirak ediblər.
ADPU-nun rektoru professor Cəfər Cəfərov qonaqları salamlayaraq universitetin beynəlxalq əlaqələrinin əsas inkişaf istiqamətləri, həyata keçirilən layihələr və nəzərdə tutulan əməkdaşlıq perspektivləri barədə məlumat verib. Rektor vurğulayıb ki, Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə qurulan tərəfdaşlıq münasibətləri pedaqoji təhsilin elmi və mədəni sahələrində yeni əməkdaşlıq mərhələsinə zəmin yaradacaq.
Görüşün sonunda imzalanan anlaşma memorandumları birgə elmi tədqiqatların təşkili, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramlarının tətbiqi və akademik proqramların birgə hazırlanması kimi istiqamətləri əhatə edir.
Səfər çərçivəsində qonaqlar ADPU-nun tədris binasını gəzib, Türkoloji Mərkəz, TÜRKSOY kafedrası, Qərbi Azərbaycan Araşdırmalar Mərkəzi, Heydər Əliyev Muzeyi, Heydər Əliyev Lektoriyası, konfrans salonu və universitetin Kitabxana-İnformasiya Mərkəzi ilə tanış olublar.