Dövlət İmtahan Mərkəzi tərəfindən ölkəmizdə ilk dəfə tətbiqinə hazırlıq görülən Azərbaycan Dili üzrə Sertifikasiya İmtahanının (ADSİ) sınaq mərhələsi uğurla başa çatıb.
DİM-dən bildirilib ki, sınaq prosesinə ümumilikdə 999 nəfər qeydiyyatdan keçib, onlardan 787 nəfər imtahanda iştirak edib.
İmtahan tam şəkildə Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış onlayn platformada keçirilib, namizədlərin Azərbaycan dili üzrə qrammatik və leksik dil bilikləri, dinləmə, oxu, danışma və yazı bacarıqları CEFR (Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) standartlarına uyğun olaraq qiymətləndirilib. Bu yanaşma Azərbaycan dilinin ölçülməsində beynəlxalq təcrübənin tətbiqini təmin edib.
Sınaq mərhələsinin əsas məqsədi yeni imtahan modelinin məzmun, struktur və texnoloji komponentlərini real istifadəçi davranışları üzərindən sınaqdan keçirmək, tapşırıq növlərinin psixometrik göstəricilərini qiymətləndirmək və modelin geniş tətbiqinə qədər tələb olunan təkmilləşdirmə işlərini müəyyənləşdirmək olub. Sınaq nəticələrinin emalı artıq tamamlanıb və hər bir iştirakçının fərdi nəticəsi qeydiyyat zamanı təqdim etdiyi elektron poçt ünvanına göndərilib. İştirakçılar şəxsi hesablarına daxil olaraq nəticələri ilə tanış ola bilərlər.
Qeyd etmək lazımdır ki, tətbiqi planlaşdırılan yeni sertifikasiya imtahanı Azərbaycan dilini xarici dil kimi öyrənənlər, bilik səviyyəsini rəsmi şəkildə təsdiqlətmək istəyənlər, eləcə də ölkəmizdə təhsil almaq və ya işləmək niyyətində olan xarici vətəndaşlar üçün nəzərdə tutulub. Sınaq nəticələri əsasında aparılacaq metodoloji təhlil və təkmilləşdirmələrdən sonra imtahan modelinin növbəti ildən tətbiqi nəzərdə tutulur. İmtahan nəticələrinə əsasən namizədlərə A1–C2 səviyyələrini əks etdirən, CEFR tələblərinə uyğunlaşdırılmış sertifikat təqdim olunacaq. Bu sertifikat Azərbaycan dili üzrə bilik və bacarıqları rəsmən təsdiq edən, təhsil, əmək bazarı, miqrasiya və digər sahələrdə istifadə oluna bilən etibarlı sənəd olacaq.
ADSİ layihəsinin hazırlanması Dövlət İmtahan Mərkəzinin ölçmə və qiymətləndirmə metodologiyası, imtahan texnologiyaları, tapşırıq hazırlığı və elektron qiymətləndirmə infrastrukturuna dair topladığı institusional təcrübəyə əsaslanır. Sınaq mərhələsində əldə olunmuş göstəricilər imtahan modelinin daha da təkmilləşdirilməsi üçün elmi əsaslı məlumat bazası yaradacaqdır.