Logo

ADPU-da akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunan elmi konfrans keçirilir

26.11.2025 10:29 32 baxış
IMG

Noyabrın 25-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) ADPU, Elm və Təhsil Nazirliyinin akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş “Kimya, Texnologiya, Ekologiya” Respublika Elmi Konfransının açılış mərasimi keçirilib. Tədbirdə ölkənin müxtəlif ali təhsil və elmi-tədqiqat müəssisələrindən alimlər, tədqiqatçılar və gənc mütəxəssislər iştirak ediblər.

Açılış mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov iştirakçıları salamlayaraq akademik Yusif Məmmədəliyevin elmi irsinin Azərbaycan kimya elminin inkişafındakı rolundan danışıb. Rektor bildirib ki, akademik Yusif Məmmədəliyev yalnız Azərbaycan elminin deyil, həm də dünya kimya elminin inkişafında müstəsna xidmətləri olan bir şəxsiyyətdir. Onun elmi fəaliyyəti neft-kimya sahəsində fundamental tədqiqatların əsasını qoymuş, respublikamızda bu istiqamətdə elmi məktəbin formalaşmasına və beynəlxalq elmi nüfuzun artmasına ciddi töhfə verib. Qeyd edilib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin ( Ali Pedaqoji İnstitutun) məzunu olan Məmmədəliyev Azərbaycan Elmlər Akademiyasının Prezidenti kimi ölkəmizdə elmin idarə olunması, elmi-tədqiqat institutlarının təşkili və kadr potensialının formalaşdırılması sahəsində əvəzsiz xidmətlər göstərib, alimin təşəbbüsü ilə yaradılmış elmi müəssisələr bu gün də ölkəmizin  elmi və sənaye potensialının inkişafında mühüm rol oynamaqdadır. ADPU-da akademikin xatirəsinin əbədiləşdirilməsi və onun elmi irsinin təbliği barədə söz açan  rektor qeyd edib ki, universitetdə alimin adını daşıyan auditoriya fəaliyyət göstərir, eyni zamanda, Kimya və biologiya fakültəsinin yüksək akademik göstəricilərə sahib tələbələri üçün  Akademik Yusif Məmmədəliyevin adını daşıyan adlı təqaüd təsis olunmuşdur. Konfransın əhəmiyyəti barədə danışan C.Cəfərov yubiley tədbirinin akademik Yusif Məmmədəliyevin çoxşaxəli fəaliyyətinin daha dərindən öyrənilməsinə, onun ideyalarının elmi və mənəvi baxımdan gələcək nəsillər üçün nümunə kimi təqdim olunmasına xidmət edəcəyinə və yeni elmi nailiyyətilərin qazanılmasına töhfə verəcəyinə əminlik ifadə edib.

Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik  Vaqif Abbasov dünya şöhrətli kimyaçı, Azərbaycan elminin görkəmli siması akademik Yusif Məmmədəliyevin elmi irsi barədə geniş məruzə ilə çıxış edib. O, məruzəsində Məmmədəliyevin XX əsr kimyasına verdiyi töhfələri – xüsusilə də neft-kimya proseslərinin elmi əsaslarının yaradılması, kataliz və üzvi sintez sahəsində apardığı fundamental tədqiqatların müasir elmin inkişafına açdığı yol haqqında danışıb. Akademik Abbasov qeyd edib ki, Y.Məmmədəliyev tərəfindən neft karbohidrogenlərinin çevrilmə mexanizmlərinin müəyyən edilməsi, həmçinin yüksək oktanlı benzin alınmasına dair araşdırmalar təkcə Azərbaycan elmi üçün deyil, dünya neft sənayesi üçün strateji əhəmiyyət daşıyır. Məruzəçi alim, həmçinin Məmmədəliyevin rəhbərlik etdiyi elmi məktəbin bu gün də öz aktuallığını qoruduğunu, institutlarda və universitetlərdə davam edən fundamental və tətbiqi tədqiqatların məhz onun yaratdığı elmi bazaya söykəndiyini xüsusi vurğulayıb.

ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov qeyd edib ki, konfrans Azərbaycan Respublikasının Prezidentinin 5 iyul 2025-ci il tarixində imzaladığı “Akademik Yusif Məmmədəliyevin 120 illiyinin qeyd edilməsi haqqında” Sərəncam çərçivəsində təşkil edilib. Neft-Kimya Prosesləri İnstitutu və Naxçıvan Dövlət Universitetinə əməkdaşlıq üçün təşəkkürünü çatdıran A.Zamanov bildirib ki, konfransda ölkənin əsas ali təhsil və elmi-tədqiqat müəssisələrindən olan alim və tədqiqatçılar iştirak edirlər. 2 gün müddətində keçiriləcək konfrans 3 istiqamət üzrə 5 bölmə iclası ilə davam edəcək. Konfransda 240-dək məruzənin təqdim edilməsi nəzərdə tutulur. Prorektor “Görkəmli təşkilatçı lider alim və ictimai xadim” adlı geniş məruzəsində akademik Yusif Məmmədəliyevin təkcə elm adamı kimi deyil, eyni zamanda təşkilatçı rəhbər və ictimai xadim kimi çoxşaxəli fəaliyyətini iştirakçıların diqqətinə çatdırıb. Prorektor qeyd edib ki, akademik Məmmədəliyev Azərbaycanın elmi idarəetmə sisteminin formalaşmasında mühüm rol oynayıb. Xüsusilə, alimin 1945-ci ildə Milli Elmlər Akademiyasının yaradımasında vacib rol oynayan şəxslərdən biri olduğunu qeyd edən prorektor bildirib ki, onun bu quruma rəhbərliyi dövründə elmi-tədqiqat müəssisələrində yeni laboratoriyalar yaradılıb, müasir elmi avadanlıqlar tətbiq olunub, gənc tədqiqatçıların yetişməsi üçün xüsusi elmi mühit formalaşdırılıb. Məmmədəliyevin rəhbərliyi ilə aparılan elmi-təşkilati fəaliyyət nəticəsində ölkəmiz postsovet məkanında nüfuzlu tədqiqat mərkəzlərindən birinə çevrilib. Alimin mühüm töhfələrindən biri də Azərbaycan kimya elminin beynəlxalq arenada tanıdılması, dünyanın aparıcı elmi mərkəzləri ilə əlaqələrin qurulması olub. Həmin dövrdə sovet sənayesində yüksək oktanlı benzin və sintetik yanacaqların alınması üzrə aparılan elmi-tədqiqat işləri müharibə iqtisadiyyatının ən kritik sahələrindən biri idi. Məhz bu istiqamətdə akademik Məmmədəliyevin araşdırmaları hərbi aviasiyanın yanacaq təminatının yaxşılaşmasına mühüm təsir göstərib. A.Zamanov bildirib ki, alim tərəfindən katalitik proseslərin inkişafına dair təkliflər dövrün elmi-texniki siyasətində prioritet sayılırdı və sənaye müəssisələrində tətbiqi üçün xüsusi laboratoriyalar yaradılmışdı. Y.Məmmədəliyev yüksək elmi biliklərlə yanaşı, böyük idarəçilik bacarığına, pedaqoji səriştəyə və geniş ictimai nüfuza sahib şəxsiyyət idi. Onun elmi irsi ilə yanaşı, milli elmi kadrların yetişdirilməsinə verdiyi töhfələr bu gün də davam edən böyük məktəbdir.

Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü professor Əlövsət Quliyev, NDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru Dosent Elsevər Əsədov və digər çıxışçılar alimin Azərbaycan elminə verdiyi töhfələrdən söz açıblar.

Plenar iclasdan sonra konfrans üç istiqamət üzrə – “Kimyanın aktual problemləri”, “Yaşıl enerji və ekoloji problemlər” və “Kimyanın tədrisinin müasir üsulları” mövzularında bölmə iclasları ilə davam edib. 2 gün davam edəcək konfransın sessiyalarında neft-kimya prosesləri, yaşıl texnologiyalar, ekoloji dayanıqlıq, yeni katalizatorların hazırlanması və kimya tədrisində innovativ yanaşmalar kimi mövzular üzrə elmi məruzələr təqdim olunacaq.

Xəbər lenti