Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Kembric Məktəbinin şagirdlərinə yeni dərsliklər təqdim edilib.
Bu addım Azərbaycan Prezidenti İlham Əliyevin 2023-cü il 5 iyun tarixli sərəncamı ilə təsdiqlənmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın icrası çərçivəsində atılıb.
Noyabrın 26-da baş tutan təqdimat mərasimində universitetin rektoru Elbrus İsayev şagirdlərlə görüşərək məktəbin fəaliyyətindən və görülən işlərin əhəmiyyətindən bəhs edib.
O bildirib ki, bu məktəbin Kembric Beynəlxalq Təhsil Sisteminə əsasən fəaliyyət göstərməsi təhsilin beynəlxalq standartlara uyğun təşkilinə və keyfiyyətin yüksəldilməsinə xidmət edir.
Rektor məktəbin tədris laboratoriyaları, kitabxanası, idman meydançaları və imtahan mərkəzi ilə təmin olunmasının şagirdlərin həm akademik uğurlarına, həm də fərdi inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, təqdim olunan dərsliklər Kembric kurikulumuna uyğun olaraq hazırlanıb və şagirdlərin beynəlxalq imtahanlara daha hazırlıqlı şəkildə qatılmasına şərait yaradacaq.