Logo

BMU tələbələrinin startap layihəsi III yerin qalibi olub

24.11.2025 23:14 29 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) tələbələrinin “The Bioplastic” layihəsi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdindəki “Enterprise Azerbaijan” portalı tərəfindən gerçəkləşdirilən proqramın qalibləri sırasında yer alıb.

Universitetdən bildirilib ki, BMU Texnoparkının startap rezidenti kimi fəaliyyət göstərən Mühəndislik fakültəsinin kimya ixtisası üzrə 2-ci kurs tələbələri Mirsadiq Miriyev, Eltun Ağabalayev, Məhəmməd Quliyev və Orxan Əhmədzadədən ibarət komandanın bioparçalanan və ətraf mühitə dost alternativ materialların hazırlanması layihəsi yaşıl texnologiyalar sahəsində qalib olublar.

Qaliblər “Startup School 3” layihəsi çərçivəsində “Yaşıl və Rəqəmsal İpək Yolu” beynəlxalq akselerasiya proqramının final mərhələsini əhatə edən “Demo-Day” tədbiri çərçivəsində təltif olunublar. Azərbaycan İnnovasiya Mərkəzində baş tutan tədbirdə 30-dan çox startap komandası yaşıl enerji, rəqəmsal texnologiyalar, tibb, aqrar innovasiyalar, süni intellekt və digər sahələr üzrə hazırladıqları layihələrlə çıxış ediblər. İnnovativlik və tətbiq potensialı baxımından qiymətləndirilərək seçilən ən yaxşı 7 startap arasından 3-ü qalib elan olunub.

Tədbirin rəsmi hissəsində İİTKM-in icraçı direktoru Vüsal Qasımlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev çıxış edərək innovasiya mühitinin inkişafı və startapların dəstəklənməsi ilə bağlı fikirlərini bölüşüblər.

Xəbər lenti