Noyabrın 20-21-də Brüsseldə Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının (BHİK) Pan Avropa Regional Şurası (PARŞ) İcraiyyə Komitəsinin 23-cü iclası keçirilib. İclasda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) nümayəndə heyəti də iştirak edib.
PARŞ-ın Baş katibi Ester Linç Komitə üzvlərinə iclasın gündəliyini təqdim edib. BHİK-in Baş katibi Luk Trianql isə Ümumi Şuraya hazırlıq prosesi və təşkilatın yenilənmiş strategiyası barədə məlumat verib. İclasda Gənclər və Qadınlar komitələrinin hesabatları dinlənilib, BHİK Baş Şurasına hazırlıq prosesi, süni intellektlə bağlı PARŞ Bəyannaməsi, 2026-cı il üzrə fəaliyyət planı, həmçinin maliyyə məsələləri müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.
Tədbir çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Baş katibi Luk Trianqlla görüşüb. Görüşdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının gördüyü işlər, həyata keçirdiyi layihələr və tətbiq olunan yeniliklər barədə məlumat verilib.
Tərəflər əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıb, əlaqələrin inkişafı istiqamətlərini müzakirə ediblər.