Naxçıvan Dövlət Universitetində beynəlxalq təhsil imkanlarına maraq göstərən tələbələrlə mübadilə proqramları məzunlarının iştirakı ilə görüş təşkil olunub.
TƏHSİL.BİZ xəbər verir ki, görüşün əsas məqsədi tələbələri beynəlxalq proqramlar barədə məlumatlandırmaq, təcrübə hekayələrini bölüşmək və tələbələrin suallarını cavablandırmaq olub.
Tədbirdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru Aidə Cəlilzadə və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruqiyyə Kərimova çıxış edərək NDU-nun beynəlmiləlləşmə strategiyası, mövcud təqaüd proqramları və tələbələrin inkişafına verdiyi töhfələr barədə məlumat veriblər. Vurğulanıb ki, universitet xarici təhsil müəssisələri ilə əməkdaşlığı genişləndirərək tələbələr üçün yeni imkanlar yaradır.
Görüşün ikinci hissəsində mübadilə proqramlarının məzunları müxtəlif ölkələrdə qazandıqları təcrübələrdən danışıblar, akademik və şəxsi inkişaflarına dair nümunələr təqdim ediblər. Tələbələr tərəfindən maraqla qarşılanan təqdimatlar interaktiv şəkildə davam edib.
Tədbir tələbələr üçün həm maarifləndirici, həm də motivasiyaedici xarakter daşıyıb.