Logo

BMU komandaları 50-ci ICPC beynəlxalq müsabiqəsinin regional mərhələsində qalib olub

25.11.2025 14:23 24 baxış
IMG

 

Bakı Mühəndislik Universitetinin (BMU) iki komandası 50-ci ICPC-Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin Azərbaycan üzrə regional mərhələsində uğur qazanıb.

BMU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, müsabiqənin Azərbaycan üzrə regional mərhələsi ICPC Azərbaycan İcması, ADA Universitetinin təşkilatçılığı və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tərəfdaşlığı ilə Azərbaycan Texniki Universitetində həyata keçirilib.

Azərbaycanın 20 ali təhsil müəssisəsindən 52 komandanın (hər biri üç tələbə və bir komanda rəhbərindən ibarət olmaqla) qatıldığı müsabiqədə, həmçinin məktəblilərdən ibarət 3 komanda iştirak edib.

Komandalara 5 saat ərzində 12 alqoritmik məsələni C++, Java və ya Python proqramlaşdırma dillərində həll etmək, bu həlləri avtomatik qiymətləndirmə sistemində sınaqdan keçirmək tapşırığı verilib.

Nəticələrə əsasən, 21 komanda, o cümlədən BMU-nun iki komandası dekabrın 15-dən 17-dək Gürcüstanın Tbilisi şəhərində keçiriləcək 50-ci ICPC – Universitetlərarası Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin yarımfinal mərhələsində və Cənubi Qafqaz Açıq Çempionatında (komanda və fərdi nominasiyalar üzrə) iştirak etmək hüququ əldə edib.

Tədbir çərçivəsində İnformasiya texnologiyaları və proqramlaşdırma kafedrasının baş müəllimi Əli Həsənov ICPC Fondu tərəfindən “ICPC Qlobal İcması ilə Nümunəvi Əlaqə” mükafatına layiq görülüb.

Xəbər lenti