Logo

Sözün və tarixin qovuşduğu məkanda mühazirə - magistrant təəssüratını bölüşür

19.11.2025 17:01 27 baxış
IMG

Tarix boyu elə şəxsiyyətlər olub ki, onların ədəbi və mənəvi irsini unutdurmaq mümkün olmayıb. Onların yaratdıqları əsərlər, yazıya köçürdükləri fikirlər zamanın sınağından keçərək yaşayır. Azərbaycan mühacirət ədəbiyyatının görkəmli nümayəndəsi, dünyaşöhrətli “Əli və Nino” romanının müəllifi Qurban Səid (Məhəmməd Əsəd bəy) də belə şəxsiyyətlərdəndir. Onun yaradıcılığı həm ölkəmizdə, həm də dünyada böyük maraqla araşdırılır, müxtəlif dillərə tərcümə edilərək geniş oxucu auditoriyasına təqdim olunur.

Xəzər Universiteti Filologiya fakültəsinin tələbələri üçün keçirilən növbəti dərs də məhz Qurban Səidin həyat və yaradıcılıq yoluna həsr olunmuşdu. Fərqliliyi ilə seçilən bu dərs ənənəvi auditoriya mühitindən kənarda – “İçərişəhər” metrosu yaxınlığında yerləşən, tarixi atmosferi ilə seçilən “Kurban Said” restoranında baş tutdu. Tarix-məkan-dərs inteqrasiyasına əsaslanan bu metod professor, filologiya elmləri doktoru Bədirxan Əhmədlinin təşəbbüsü idi.

Dərslə bağlı təəssüratını ilə bölüşən Xəzər Universitetinin magistrantı Elvinə Kazımova bildirib ki, professor Bədirxan Əhmədli uzun illərdir Qurban Səidin həyatı, yaradıcılığı və xüsusilə “Əli və Nino”nun müəlliflik məsələləri ilə bağlı araşdırmalar aparır. Onun müxtəlif məqalə və kitablarında, eləcə də üçcildlik “Azərbaycan ədəbiyyatı tarixi” dərsliyində Qurban Səid haqqında geniş elmi məlumatlara yer verilib. Mühazirə zamanı professor əsərin müəlliflik gizlinləri haqqında apardığı tədqiqatlardan söz açdı və bu mövzuda ortaya çıxan fikir müxtəlifliklərinin mahiyyətini izah etdi.

“Dərsdə Filologiya fakültəsinin “Dillər və ədəbiyyatlar” departamentindən biz - Zəhra, Elvinə, Əsmər və digər tələbələr iştirak edirdik. Məkanın rəhbəri Səbinə xanım da mühazirəyə qatılaraq Qurban Səid haqqında topladığı məlumatları bölüşdü. Onun illərdir aparılan şəxsi araşdırmaları və müəllifə olan sevgisi nəticəsində bu məkan yaradılıb. Restoran gün ərzində xarici turistlər, ədəbiyyatsevərlər və tanınmış şəxslər tərəfindən ziyarət edilir. Səbinə xanım hazırda “Əli və Nino”nun rus dilinə tərcüməsi üzərində işləyir ki, bu da onun ədəbiyyata bağlılığının göstəricisidir.

Məkanın tarixi ab-havası dərsi daha təsirli etdi. Divarları bəzəyən müxtəlif ölkələrdə nəşr edilmiş “Əli və Nino”nun üz qabıqları, qədim əşyalar, köhnə kitabların qoxusu bizdə sanki zamanla təmas hissi oyadırdı. Kitabların toplandığı otağa daxil olduqda isə hər bir cild sanki özü tarix danışırdı. Dərs adi mühazirədən daha çox ədəbi görüş, kitab klubu və canlı tarix dərsi təsiri bağışladı”,- deyə o vurğulayıb.

Mühazirə boyunca XX əsr Azərbaycan ədəbiyyatının mühüm mərhələləri, mühacirət nəsri və Qurban Səidin yaradıcılıq yolu haqqında geniş məlumat əldə etdiklərini söyləyən magistrant qeyd edib ki, dərsdə bugünkü informasiya bolluğu dövründə “Əli və Nino”nun müəllifliyinə dair davam edən müzakirələrin əksər hallarda faktlara əsaslanmadığı vurğulandı. Əsl qiymətli olan isə Qurban Səidin keçdiyi çətin həyat yolu, qələmə aldığı əsərlər və Azərbaycan sevgisi ilə dolu yaradıcılığıdır.

“Bu görüş biz tələbələr üçün sadəcə bir dərs deyil, həm də unudulmaz bir mədəni hadisə oldu. Sözün, tarix və məkanın belə harmoniyası yaddaşımızda uzun müddət yaşayacaq”, - deyə E.Kazımova qeyd edib.

Xəbər lenti