Logo

Belqrad Filarmoniyasında Üzeyir Hacıbəylinin 140 illiyi qeyd edilib

18.11.2025 23:53 24 baxış
IMG

Azərbaycanın Serbiyadakı Səfirliyi dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi münasibətilə Belqrad Filarmoniyasında konsert təşkil edib.

Tədbirdə ümumilikdə 200-dək qonaq, o cümlədən Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Serbiyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, hərbi attaşelər, media nümayəndələri, elm, mədəniyyət və din xadimləri, eləcə də diaspor üzvləri iştirak ediblər.

Azərbaycan və Serbiyanın Dövlət himnləri Müqəddəs Corc adına Simli Kamera Orkestri tərəfindən səsləndirildikdən sonra ölkəmizin Serbiyadakı səfiri Kamil Xasiyev çıxış edib. Bildirib ki, Üzeyir Hacıbəylinin yaradıcılığı Azərbaycan xalqının milli kimliyinin və musiqi ənənələrinin formalaşmasında mühüm rol oynayıb. Onun musiqi yazdığı Azərbaycan Respublikasının Dövlət Himni ölkəmizin azadlıq, müstəqillik, suverenlik və ərazi bütövlüyü ideallarını ifadə edən əsas simvollardan biri kimi səslənir.

Səfir vurğulayıb ki, tədbirin Azərbaycanın Vətən müharibəsində qələbəsinin 5-ci ildönümü və müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının 30-cu ildönümü dövrünə təsadüf etməsi bu yubileyin əhəmiyyətini daha da artırır. 

Azərbaycan ilə Serbiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətlərinin yüksək səviyyəsi də tədbirdə xüsusi qeyd olunub. K.Xasiyev xatırladıb ki, Serbiyada Üzeyir Hacıbəylinin abidəsi ucaldılıb, Serbiya Poçtu dahi bəstəkarın 140 illiyinə həsr olunmuş xüsusi poçt markası buraxaraq bu əlamətdar günə töhfə verib.

Çıxışdan sonra konsert proqramı təqdim olunub.

Konsertdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru Mustafa Mehmandarovun rəhbərliyi ilə Serbiyanın Müqəddəs Corc adına Simli Kamera Orkestri, solistlər – Serbiya Milli Teatrının prima sopranosu, eyni zamanda Belqraddakı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yasmina Trumbetaş Petroviç, pianoçu Mina Ristiç Yoniç, vokalçı Orxan Cəlilov, pianoçu Vasif Hüseyn, tarzən İbrahim Babayev, balabançı Məqsəd Əzizov, “Ritm” rəqs qrupu çıxış edib.

Üzeyir Hacıbəylinin, həmçinin serb bəstəkarı İsidor Bayiçin əsərlərinin səsləndiyi konsert alqışlarla qarşılanıb. 

Tədbir çərçivəsində Azərbaycanın xalça və kəlağayı sənəti nümunləri də sərgilənib.

Xəbər lenti