Noyabrın 14-də Azərbaycan Dillər Universitetində (ADU) görkəmli tədqiqatçı, tarixçi-alim Tofiq Köçərlinin “K istorii karabaxskoqo voprosa” (“Qarabağ məsələsinin tarixinə dair”) kitabının ispan dilinə tərcümə olunmuş versiyasının təqdimatı keçirilib.
Əsəri ispan dilinə Bakı Modern Məktəbinin müəllimi filologiya üzrə fəlsəfə doktoru Səbinə Əliyeva və Azərbaycan Dillər Universitetinin Müasir dillər kafedrasının baş müəllimi Ağayeva Dürnisə tərcümə ediblər.
Tədbirdə AMEA Dilçilik İnstitutunun direktor müavini dosent Baba Məhərrəmli, ADU-nun Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı tarix elmləri doktoru, dosent İbrahim Kazımbəyli, ADU-nun elmi işlər üzrə prorektoru professor Həmidə Əliyeva, Qərbi Azərbaycan Hamamlı rayonu Saral kənd icmasının sədri, ADU-nun rektorunun müşaviri Anar Osmanlı, Tərcümə fakültəsinin dekanı dosent Bənövşə Məmmədova, German dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri dosent Fialə Abdullayeva, Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri dosent Ülfət İbrahim çıxış ediblər. Çıxışlarda Tofiq Köçərlinin elmi irsinin Azərbaycan tarixşünaslığında xüsusi yer tutduğu, əsərin isə Qarabağ məsələsinin tarixi köklərini faktlara əsaslanan araşdırmalarla ortaya qoyduğu bildirilib. Qeyd edilib ki, kitabın ispan dilinə tərcüməsi Azərbaycan həqiqətlərinin beynəlxalq auditoriyaya, xüsusilə ispandilli ölkələrə daha geniş çatdırılması baxımından böyük əhəmiyyət daşıyır.
Təqdimat zamanı kitabın məzmunu, elmi dəyəri və beynəlxalq informasiya mübarizəsindəki rolu barədə geniş müzakirələr aparılıb. Nəşrin yaxın günlərdə müxtəlif ispandilli universitetlərə və kitabxanalara göndəriləcəyi bildirilib.