Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən Beynəlxalq STEAM Azərbaycan Festivalı davam edir.
AZƏRTAC-ın əməkdaşları festivalın iştirakçılarından biri “2N’ergy” komandasının üzvləri ilə söhbətləşiblər.
Balakən şəhər Nəsimi adına 2 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdləri Natiq və Namiq Rəsulov qardaşları birgə hazırladıqları kodlaşdırma layihəsi ilə həm ətraf mühitin qorunmasına, həm də sualtı canlıların təhlükəsizliyinə xidmət edən innovativ bir robot təqdim edirlər.

Onların yaratdığı cihaz tullantıları rənglərinə görə ayırır, suyun çirklilik səviyyəsini ölçərək nəticəni robotun ekranında göstərir. Natiq və Namiq layihənin işləmə mexanizmini belə izah edirlər: “Biz robotu işıq səviyyəsinə görə kodlaşdırmışıq. Məsafə sensoru sudakı balıq və digər canlıları aşkar edir və onları təhlükədən uzaqlaşdırır. Robot maneəyə rast gələndə düymə sensoruna toxunur və istiqamətini dəyişir. Beləliklə, zibil yığan hissə maneəni kənara çəkir və balıqlara zərər vermir”.

Layihənin ideya müəllifləri elə iki qardaşın özüdür. Onlar bu barədə belə deyirlər: “Bizə leqolardan bir iş hazırlamaq tapşırılmışdı və düşündük ki, sualtı canlıların qorunması üçün bir robot hazırlamaq daha faydalı olar. İş bizim üçün çətin olmadı. IV sinifdə “Yaşıl təbiət” nişanı qazandığımız üçün bu mövzuya xüsusi həvəsimiz vardı. Ona görə də bu il festivala məhz bu robotla qoşulmağı seçdik”.

“2N’ergy” komandasının robotu 10 gün ərzində hazırlanıb. Kodlaşdırma mərhələsində müəllimləri onlara dəstək göstərib. Qardaşlar artıq iki ilə yaxındır müxtəlif layihələr üzərində işləyirlər. Deyirlər ki, kağız-yapışqan vasitəsilə hazırladıqları şəhər maketi də bu yaradıcılıq yolunun bir parçasıdır.
Qeyd edək ki, Beynəlxalq STEAM Azərbaycan Festivalı noyabrın 19-dək davam edəcək.
Festival robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik kimi sahələri əhatə edən kateqoriyaları ilə seçilir. Final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb, onların 202-si müxtəlif xarici ölkələri təmsil edir. Ümumilikdə festivalda 22 ölkə iştirak edir.
STEAM əsaslı tədris modeli elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ şəkildə tədrisinə əsaslanır.