Nizami Kino Mərkəzində “Boş yer” adlı bədii filmin təqdimatı keçirilib. Yaradıcı və texniki heyəti tələbələrdən ibarət olan tammetrajlı film Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi tərəfindən istehsal olunub.
Filmin ssenari müəllifi və rejissoru mərkəzin müəllimi, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü Rəhman Fürqətoğludur.
Layihə gənclərin yaradıcılıq potensialının, peşə təhsilinin praktiki nəticələrinin, istehsalatda real bacarıqların nümayişi baxımından əhəmiyyət kəsb edir. Film sponsor dəstəyi olmadan, yalnız Peşə Təhsil Mərkəzinin imkanları və tələbələrin əməyi ilə ərsəyə gətirilib.
“Boş yer” hər iki valideynini itirmiş, yazıçı olmaq arzusu ilə yaşayan gənc Azərin həyatını əks etdirir. Filmdə sosial adaptasiya, psixoloji təcrid, insan münasibətləri mövzuları vurğulanır. Tamaşaçı real həyat faktları və cəmiyyətin sosial davranış modelləri ilə üz-üzə qalır.
Təqdimat mərasimində layihədə iştirak edən gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulanıb və filmin peşə təhsili sistemində yaradıcı ixtisasların inkişafına töhfə verəcəyi qeyd olunub.