Logo

Qarabağ Universiteti, Zəfərin universiteti

08.11.2025 20:46 148 baxış
IMG

XXI əsrin ən parlaq səhifələrindən biri - Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər dövlətçilik salnaməmizə əbədi olaraq qızıl hərflərlə həkk olundu. Artıq beşilliyini qeyd etdiyimiz bu şanlı Zəfər təkcə hərbi qələbə deyil, həm də xalqımızın milli birliyinin, dövlətimizin siyasi iradəsinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik liderliyinin təntənəsidir. Rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı, şəhidlərimizin canı və qanı bahasına bərpa olunan ərazi bütövlüyümüz dövlətimizin gücünü, xalqımızın iradəsini və Vətən sevgisinin əzəmətini bütün dünyaya nümayiş etdirdi.

Tarixi qələbədən sonra başlanmış Böyük Qayıdış prosesi xalqımızın həyatında yeni dövrün başlanğıcını qoydu. Qələbə qazanmış xalq artıq doğma torpaqlarına dönərək quruculuq, inkişaf və bərpa mərhələsinə qədəm qoydu. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə azad edilmiş şəhərlərdə genişmiqyaslı infrastruktur, sosial, mədəni və təhsil layihələri həyata keçirilir. Bu bərpa prosesinin ən mühüm istiqamətlərindən biri isə elmin və təhsilin Qarabağa qayıdışı, yəni Zəfərin intellektual və mənəvi məzmunla davam etdirilməsidir.

Məhz bu strateji məqsədlə Prezident İlham Əliyevin 28 noyabr 2023-cü il tarixli Sərəncamı ilə Qarabağ Universiteti təsis edildi. Bu ali təhsil müəssisəsinin yaranması yalnız təhsil hadisəsi deyil, həm də Zəfərin ideoloji, intellektual və mədəni təcəssümüdür. Qarabağ Universiteti bilik, innovasiya və gənclik enerjisi ilə xalqın doğma torpaqlara dönüş arzusunu gerçəkliyə çevirən, azadlıqla bilik arasında körpü yaradan bir missiyanın daşıyıcısıdır.

Universitetin möhtərəm Prezidentimizin iştirakı ilə Dövlət Suverenliyi Günündə - 20 sentyabr 2023-cü ildə açılışı isə müasir tariximizin rəmzi hadisələrindən biri kimi yadda qalıb. Qarabağ Universitetinin ilk dərs günü milli təhsil tariximizdə yeni bir səhifə açdı. İllər öncə döyüş səslərinin eşidildiyi bu torpaqlarda indi bilik, elm və gəncliyin səsi ucalır. Bu, Zəfəri yaşamış bir xalqın öz ruhunu elm, təhsil, yaradıcılıq və mədəniyyətlə əbədiləşdirməsinin parlaq nümunəsidir.

Qarabağ Universitetinin Xankəndidə yerləşməsi xüsusi rəmzi məna daşıyır. Uzun illər işğal altında qalmış bu şəhərdə həyat yenidən canlanır. Universitetin klinikası, yeni tədris binaları, laboratoriyalar, kitabxanalar, tələbə yataqxanaları burada dayanıqlı məskunlaşmaya və sosial infrastrukturun formalaşmasına mühüm töhfə verir. Xankəndi artıq tədricən tələbə şəhərinə çevrilir - elm, gənclik və həyat enerjisi ilə dolu müasir bir məkana.

Bu gün Qarabağ Universiteti dinamik inkişaf mərhələsindədir. Hazırda Universitetdə 1024 tələbə birinci, 1068 tələbə ikinci, 60 SABAH qrupu tələbəsi isə üçüncü tədris ilində olmaqla, ümumilikdə, 7 fakültə üzrə 2152 tələbə təhsil alır.

Təqdirəlayiq haldır ki, universitetin qısa müddətdə qazandığı nüfuz abituriyentlərin seçimlərində də öz əksini tapır. Hər iki tədris ili üzrə qəbul imtahanlarında yüksək nəticələr göstərən gənclər Qarabağ Universitetini seçiblər. 228 tələbə 600 və daha çox, 717 tələbə 500 və daha çox, 1342 tələbə isə 400-dən çox bal toplayıb. Ən yüksək nəticə 684 balla “Hüquqşünaslıq” və “Tibb və sağlamlıq elmləri” fakültələrində qeydə alınıb. Bir tələbə Prezident təqaüdünə layiq görülüb, 6 nəfər fənn olimpiadalarının qalibi kimi müsabiqədənkənar qəbul olunub. Tələbələrin 52%-i qız, 48%-i oğlandır. Qarabağ Universitetinin tələbə ailəsi ölkəmizin 66 rayon və şəhərini təmsil edən geniş coğrafiyanı əhatə edir.

Bu göstəricilər sadəcə statistik faktlar deyil, onlar Vətənə sədaqət və mənəvi seçim nümunəsidir. Çünki bu gənclər daha çox imkana malik olsalar da, Qarabağı seçdilər. Bu seçim akademik maraqdan çox, milli məsuliyyət və vətənpərvərlik duyğusundan qaynaqlanır. Onların hər biri Qarabağın dirçəliş missiyasının iştirakçısı, azad torpaqlarda həyatın yeni səhifəsini yazan gənclik təmsilçisidir.

Qısa müddət ərzində Qarabağ Universitetinin tələbələri müxtəlif yerli və beynəlxalq tədbirlərdə - forum, müsabiqə, olimpiada, sərgi və festivalda yüksək nailiyyətlər əldə ediblər. Bu, həm onların potensialının, həm də universitetdə formalaşmış sağlam akademik mühitin bariz göstəricisidir.

Əlbəttə, bütün bu uğurların əsasında dövlətimizin güclü dəstəyi və peşəkar akademik heyətin fədakar əməyi dayanır. Qarabağ Universitetinin əsas məqsədi yalnız bilik ötürmək deyil, vətənpərvərlik, sosial məsuliyyət, multidissiplinar düşüncə, innovativ təfəkkür, liderlik və milli dəyərlərə sadiqlik kimi keyfiyyətlərə malik gənclər yetişdirməkdir. Universitetin idarəetmə modeli tələbə mərkəzli yanaşmaya əsaslanır.

Bu baxımdan Qarabağ Universitetinin tələbələri artıq bu gün fəal və təşəbbüskar vətəndaşlar, sabah isə müəllim, alim, mühəndis, hüquqşünas, iqtisadçı, həkim, diplomat, sənətkar və liderlər kimi formalaşırlar.  

Tədris proqramlarının genişləndirilməsi istiqamətində mühüm addımlar atılıb - ixtisasların sayı 25-dən 34-ə çatdırılıb. Hazırda universitetdə 288 əməkdaş çalışır: 137-si pedaqoji, 123-ü inzibati, 28-i texniki heyət üzvüdür. Qarabağ Universitetinin klinikasında isə 66 əməkdaş fəaliyyət göstərir. Həm əməkdaşlar, həm də tələbələr üçün yaradılmış yaşayış şəraiti təkcə məskunlaşma deyil, həm də Qarabağda bilik, zəhmət və qürur üzərində qurulan yeni həyatın başlanğıcıdır.

Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar ideyaları Qarabağ Universitetinin təhsil fəlsəfəsinin əsasını təşkil edir. Prezident İlham Əliyevin “birinci yerdə, birinci növbədə milli ruh məsələləridir, mənəvi hazırlıqdır” fikri bu ali məktəbin pedaqoji və sosial yönümlü fəaliyyətlərinə bələdçilik edir.

Bu baxımdan, tələbələrdə vətənpərvərlik ruhunun, milli-mənəvi dəyərlərə sədaqətin, sosial məsuliyyət və tarixə hörmət hissinin formalaşdırılması Qarabağ Universitetinin əsas prioritetlərindəndir. Ötən tədris ilində bu istiqamətdə çoxsaylı tədbirlər keçirilib, gənclərdə Vətənə bağlılıq və milli irsə hörmət duyğusu möhkəmləndirilib.

Universitet fəaliyyətinin ilk ilindən etibarən beynəlxalq əməkdaşlıq sahəsində də fəal mövqe nümayiş etdirib. Qarabağ Universitetinin Türk Dövlətləri Təşkilatı Türk Universitetlər Birliyinə (TÜRKÜNİB) üzv qəbul edilməsi qlobal akademik məkanla inteqrasiyanın mühüm mərhələsini açdı. Xarici ali təhsil müəssisələri ilə birgə diplom proqramları, mübadilə layihələri, elmi laboratoriyalar və ortaq tədqiqatlar planlaşdırılır. Qarabağ Universiteti regional deyil, beynəlxalq elm və təhsil mərkəzinə çevrilmə hədəfi ilə fəaliyyət göstərir.

Qarabağ Universitetinin missiyası yalnız ixtisaslı kadrlar deyil, Vətən sevgisi, dövlətçilik dəyərləri və yenilikçi düşüncə ilə formalaşmış nəsil yetişdirməkdir. Burada təhsil alan hər bir gənc Qarabağın dirçəliş prosesinin canlı iştirakçısıdır - Zəfər dövrünün övladları kimi bu torpağın hər daşının dəyərini bilirlər.

Qarabağ Universitetinin yaradılması dövlətimizin dayanıqlı gələcəyə yönəlmiş strateji təşəbbüsüdür. Zəfərin ruhu burada elm, bilik və innovasiya ilə yaşayır. Universitet Qarabağın sosial-iqtisadi ekosisteminin formalaşmasında, regionun inkişafında, yeni bilik və texnologiyaların tətbiqində aparıcı rol oynayacaq.

Mühəndislik, İqtisadiyyat, Pedaqoji, Tibb və sağlamlıq elmləri, Turizm, İncəsənət, Humanitar və sosial elmlər fakültələri müasir dövrün tələblərinə cavab verən kadrlar yetişdirməklə, regionun intellektual və innovativ dayağına çevrilmək istiqamətində fəaliyyət göstərir.

Beləliklə, Qarabağ Universiteti məkan, missiya və məna baxımından unikaldır. Tarixi Zəfərin qazanıldığı torpaqda ucalan bu ali məktəb Zəfərin ruhunu elm, innovasiya və milli dəyərlərdə yaşadır. Burada keçirilən hər bir elmi konfrans, seminar, layihə və forum Zəfər irsinin gələcək nəsillərə ötürülməsi missiyasına xidmət edir.

Zəfər irsi təkcə hərbi qələbənin xatirəsini deyil, həm də bu qələbənin yaratdığı mənəvi, siyasi və mədəni dəyərlər sistemini təcəssüm etdirir. O, xalqımızın azadlıq, dövlətçilik və milli birlik idealını yaşadan ideoloji dayaqlardan biridir.

Bu mənada Qarabağ Universiteti elm və təhsil ocağı kimi həm də milli yaddaşın, vətənpərvərlik ruhunun və Zəfər irsinin qorunduğu mənəvi mərkəzdir.

Qarabağ Universiteti qalib xalqın qalib gəncliyi üçün yaradılmış ali təhsil ocağıdır. Burada yetişən “Zəfər nəsli” bilikli, yaradıcı, milli kimliyinə sadiq və dünyaya açıq Azərbaycan gəncliyidir. Onlar yalnız bilik qazanmaqla kifayətlənmir, həm də Vətən qarşısında məsuliyyət hissini mənimsəyirlər.

Bu kontekstdə 27 Sentyabr - Anım Günü və tarixi Zəfərin 5 illiyi münasibətilə universitetdə keçirilən silsilə tədbirlər - forumlar, seminarlar, sərgilər, görüşlər və idman yarışları xüsusi əhəmiyyət daşıyır. Şəhid ailələri, qazilər və tələbələrin iştirakı ilə keçirilən bu tədbirlər Zəfər yolunu, qəhrəmanlarımızın şücaətini yad etməklə yanaşı, gənclərdə milli qürur və vətənpərvərlik duyğusunu daha da möhkəmləndirir.

Yaxın illərdə Qarabağ Universitetinin fəaliyyəti daha da genişlənəcək. Qarabağ Universiteti qarşıya qoyduğu strateji hədəflər - dayanıqlı inkişaf, tələbə mərkəzli idarəetmə, tədqiqat yönümlü tədris və innovasiya əsaslı bilik ekosistemi ilə ölkənin və regionun aparıcı ali təhsil mərkəzinə çevrilməkdə qərarlıdır.

Atılan hər bir addım və həyata keçirilən hər bir təşəbbüs Qarabağ Universitetinin Zəfərin elmdə və təhsildə təntənəsini yaşadan mərkəzə çevrilməsi istiqamətindədir. Əgər Azərbaycan Ordusu Vətən müharibəsində torpaqlarımızı azad etməklə Zəfəri qazandısa, bu gün Qarabağ Universiteti elm, bilik və yaradıcılıqla bu Zəfəri yaşadır və yaşadacaqdır. Qarabağ Universitetinin varlığı təkcə bu gün üçün deyil, həmçinin gələcək nəsillər üçün yazılan milli tarixdir. Burada qazanılan hər uğur, keçirilən hər dərs, yetişən hər tələbə Azərbaycanın suverenliyinin, milli birliyinin və dirçəlişinin canlı təcəssümüdür.

Şahin BAYRAMOV,

Qarabağ Universitetinin rektoru  

Xəbər lenti