Son 5 il ərzində dövlət büdcəsindən təhsil sektoruna ayrılan vəsait ilbəil artaraq 2021-ci illə müqayisədə 1,6 dəfə yüksəlib. Bu artımlar əsas etibarilə təhsil sahəsində çalışanların sosial vəziyyətinin yarşılaşdırılması tədbirləri çərçivəsində əməyin ödənişi xərclərinin maliyyələşdirilməsinə yönəldilib.
Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, eyni zamanda, təhsil xərclərinin ÜDM-də payı artım tendensiyasını qoruyaraq, 2023-cü ildən etibarən yüksəlməyə davam edib. 2026-cı il üçün bu göstərici 3,7 faiz səviyyəsində proqnozlaşdırılıb.