Azərbaycan Dövlət Pedaqoji Universitetinin Magistratura və doktorantura şöbəsində 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Ümummilli lider Heydər Əliyev və torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Giriş sözü ilə çıxış edən Magistratura və doktorantura şöbəsinin müdiri siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov noyabr ayına təsadüf edən əlamətdar bayramlar münasibətilə tədbir iştirakçılarını təbrik edib. R.Sadıqov universitetin Fəlsəfə və sosial elmlər kafedrası ilə birlikdə 12 Noyabr – Konstitusiya gününə həsr edilmiş tədbirin “Konstitusiya və suverenlik ili” çərçivəsində təşkil edildiyini bildirib. Vurğulanıb ki, otuz dörd il əvvəl müstəqilliyimizi bərpa etmiş olsaq da, məhz Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə ölkədə sabitlik bərpa olunub, hüquqi islahatların əsası qoyulub və 1995-ci il noyabrın 12-də müstəqil Azərbaycanın ilk Konstitusiyası qəbul edilib. 30 il əvvəl qəbul edilmiş bu ali sənəd, Azərbaycan Respublikasının suverenliyinin, ərazi bütövlüyünün və vətəndaş hüquqlarının təminatçısı kimi tarixə düşüb.
Sonra universitetin Fəlsəfə və sosial elmlər kafedrasının dosenti Rauf Səmədovun ““Müstəqillik” və “konstitusiya” anlayışlarının fəlsəfi məzmunu””, kafedranın baş müəllimi Yusif Arıxovun “Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Konstitusiyası” və baş müəllim Fazilə Hüseynlinin “Nikahdan hüquq pozuntusu sayılan insan alveri məqsədilə istifadə edilməsi problemləri” mövzularında məruzələri dinlənilib. Məruzələrdə Konstitusiyanın preambulasında dövlətimizin ali məqsədinin – müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması bəyan olunduğu və bunun təkcə hüquqi prinsip deyil, milli ideologiyamızın təməl sütunu olduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həmin xəttin məntiqi davamı reallığa çevrilib, Vətən müharibəsində qazandığımız tarixi Zəfər və antiteror əməliyyatı dövlətimizin suverenliyini, Konstitusiyamızın ərazi bütövlüyü prinsiplərini bərpa edib.
Tədbirin davamında Tarix fənninin tədrisi metodikası və metodologiyası ixtisaslaşması üzrə II tədris ili magistrantı Təhmasib İmaməliyev “Azərbaycan Respublikasının konstitusiyasına və suverenliyə gənclərin töhfəsində Ümummilli Lider Heydər Əliyevin rolu”, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş ixtisaslaşması üzrə II tədris ili magistrantı Ahunur Əliyeva “Azərbaycan gənclərinin inkişafında konstitusiyamızın və sosial iş təcrübəsinin rolu” mövzularında təqdimatla çıxış ediblər.
Sonda Azərbaycan Respublikasının Konstitusiyasının yaranmasında Ulu Öndər Heydər Əliyevin rolundan bəhs edən videoçarx nümayiş etdirilib.