Bakı Dövlət Universitetində (BDU) 12 Noyabr – Konstitusiya Gününə həsr olunmuş tədbir keçirilib.
Bu barədə BDU-dan bildirilib.
Mərasimdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, Azərbaycan Respublikasının Konstitusiya Günü müstəqil dövlətçiliyimizin tarixində mühüm əhəmiyyət daşıyır. Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi – referendum yolu ilə qəbul edilib və həmin il noyabrın 27-də qüvvəyə minib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri, müstəqil Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi bir sənəddir: “5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyamızda insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir. Müstəqil Azərbaycan Respublikasının Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi”.
Rektor bildirib ki, ötən 30 ildə ölkəmizin sürətli inkişafı nəticəsində yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də və 2016-cı il sentyabrın 26-da referendum yolu ilə Azərbaycan Konstitusiyasına bir sıra əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. Bunun nəticəsində Azərbaycan Konstitusiyası daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Prezident İlham Əliyevin 2024-cü il 28 dekabr tarixli Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib: “Biz artıq bu bayramı qürurla, şərəflə, Konstitusiyamızda təsbit olunmuş suverenliyimizin bütün ərazilərimizdə tam bərpa olunduğu, üçrəngli dövlət bayrağımızın 30 ilə yaxın müddətdə işğal altında qalan müqəddəs torpaqlarımızda dalğalandığı tarixi bir şəraitdə qeyd edirik. Artıq hər kəsə bəllidir ki, qalib Azərbaycan dövlətinin hüdudları daxilində yaşayan hər bir vətəndaşımız yalnız və yalnız Konstitusiyamıza əsaslanaraq öz fəaliyyətini həyata keçirə bilər. Bu gün Azərbaycan qalib ölkə, regionun əsas söz sahibi kimi öz gücünü, qüdrətini bütün dünyaya nümayiş etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin siyasi müstəvidə, diplomatik danışıqlarda uğurları, qələbələri davam edir. Dövlətimizin inkişafına təkan verən hüquqi sənədlər, müqavilələr, bəyanatlar imzalanır, azad edilmiş ərazilərdə böyük quruculuq işləri həyata keçirilir. Bütün bunlar azad, suveren dövlətimizin nüfuzunu günbəgün artırır”.
Rektor diqqətə çatdırıb ki, müstəqil Azərbaycanın Konstitusiyasının hazırlanmasında BDU alimləri də iştirak ediblər. BDU-nun Dövlət və hüquq nəzəriyyəsi və tarixi kafedrasının müdiri Məsumə Məlikova və Konstitusiya hüququ kafedrasının müdiri Ziyafət Əsgərov bu gün də Konstitusiyamızda təsbit olunan hüquqların tələbələrə öyrədilməsində yaxından iştirak edirlər: “BDU-nun “Konstitusiya və Suverenlik İli” ilə bağlı qəbul etdiyi tədbirlər planı uğurla icra edilir. Beynəlxalq konfranslar, seminarlar, dəyirmi masalar təşkil olunur, konstitusiya və suverenliyimizin tarixinə həsr olunmuş nəşrlər hazırlanır. Konstitusiya və suverenliyimizin gənc nəslə təbliği, onun əsas müddəalarının tələbələrə aşılanması, dövlətimizin zəfərlərinin, möhtərəm Prezidentimizin apardığı siyasətin öyrənilməsi və təbliği bu gün hər birimizin əsas vəzifəsi və borcudur”.
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin, BDU İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev, Milli Məclisin deputatı Nigar Məmmədova, Bakı Apellyasiya Məhkəməsinin hakimi Vahid Sadıqov, Hüquq fakültəsinin dekanı Zaur Əliyev və Diplomatiya kafedrasının müəllimi Aytən Qurbanova çıxış edərək Azərbaycan Konstitusiyasının dövlət quruculuğundakı rolu, hüquqi islahatların inkişafı və insan hüquqlarının qorunması sahəsindəki əhəmiyyətindən danışıblar.