Logo

Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsinin açılışı olub

11.11.2025 14:17 27 baxış
IMG

Tiranada Albaniya Milli Kitabxanasında Azərbaycan Ədəbiyyatı bölməsinin açılış mərasimi keçirilib.

Tədbirdən öncə Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa ilə görüşüb. Görüşdə iki ölkənin milli kitabxanaları arasında imzalanmış əməkdaşlıq memorandumunun icrası ilə əlaqədar danışılıb və konkret təkliflər müzakirə edilib.

Tədbiri açan Albaniya Milli Kitabxanasının direktoru Piro Mişa iki ölkə arasında mədəni əməkdaşlığın son illərdə əhəmiyyətli dərəcədə inkişaf etdiyini vurğulayıb. O bildirib ki, Albaniya Milli Kitabxanasında yaradılan Azərbaycan Ədəbiyyatı bölməsi iki ölkə arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu bölmə yalnız kitab kolleksiyası deyil, həm də xalqlarımız arasında mənəvi və intellektual körpü rolunu oynayır. Belə layihələr ölkələrimiz arasında qarşılıqlı anlaşma və hörmətin dərinləşməsinə şərait yaradır, gənc nəsillərin bir-birinin mədəni irsi ilə tanış olması üçün əhəmiyyətli platforma təşkil edir.

Piro Mişa vurğulayıb ki, Albaniya Milli Kitabxanası gələcəkdə Azərbaycan ədəbiyyatı ilə bağlı tədbirləri və oxu günlərini təşkil etməyi, eyni zamanda iki ölkənin yazıçılarının və alimlərinin mübadiləsini davam etdirməyi planlaşdırır.

Azərbaycanın Albaniyadakı səfiri Anar Hüseynov yeni açılan bu bölmənin ölkəmizin mədəniyyətinin təqdimatı baxımından böyük önəm daşıdığını bildirib. O qeyd edib ki, Azərbaycan ədəbiyyatı yalnız milli mədəniyyətimizin əks olunması deyil, həm də insanlığın ümumi mənəvi xəzinəsinə dəyərli töhfədir. Albaniyada yaradılan Azərbaycan Ədəbiyyatı bölməsi ölkəmizin mədəniyyətini tanıtmaqla yanaşı, gənc nəslin dünyagörüşünü genişləndirmək üçün də əhəmiyyətli vasitədir.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov isə bildirib ki, bu bölmə Azərbaycan ədəbiyyatının zənginliyini və müxtəlifliyini nümayiş etdirmək baxımından böyük əhəmiyyət kəsb edir. Bu, yalnız kitab kolleksiyası deyil, həm də Albaniya oxucuları üçün Azərbaycan mədəniyyətinə və tarixinə açılan bir pəncərədir. O xatırladıb ki, 2022-ci il oktyabrın 7-də VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanasında Albaniya Milli Kitabxanasının daimi guşəsi açılıb və iki kitabxana arasında qarşılıqlı əməkdaşlığa dair Memorandum imzalanıb. K.Tahirov bildirib ki, həmin əməkdaşlıq bu gün öz real bəhrəsini verir və Azərbaycan Ədəbiyyatı bölməsinin yaradılması bu əlaqələrin davamı kimi mühüm əhəmiyyət kəsb edir.

Sonra iştirakçılar Azərbaycan Ədəbiyyatı bölməsi ilə tanış olub, burada nümayiş olunan kitablar, nəşrlərlə maraqlanıblar.

Tədbirin sonunda Azərbaycan heyəti Albaniya Milli Kitabxanası ilə tanış olublar.

Xəbər lenti