Logo

Tariximizin öyrənilməsi: hazırkı vəziyyət, müasir çağırışlar və vəzifələr

08.11.2025 17:42 126 baxış
IMG

Dünyada Azərbaycan tarixi qədər mürəkkəb inkişaf yolu keçmiş ikinci bir ölkə yoxdur. Azərbaycan ərazisində mövcud olmuş 20 xanlığı tədqiq etmək üçün 40-a yaxın dövlətin tarixini öyrənmək lazımdır. Qədim dövrümüz də fundamental tədqiqata cəlb edilməlidir və bunun üçün mixi yazılarını bilən gənc kadrlara ehtiyac vardır. Tarix və Etnologiya İnstitutunun 2026-2030-cu illərdə fəaliyyətinə dair yeni planda prioritet istiqamətlər müəyyənləşdirilib. Tarix və Etnologiya İnstitutu Azərbaycan tarixinin tədqiqi istiqamətində əlindən gələni edir. Prezident İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin, çağırışların icrası istiqamətində var gücümüzlə çalışacağıq.

Bu sözləri AMEA-nın Rəyasət Heyətində “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda keçirilən yığıncaqda AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru professor Kərim Şükürov deyib.

“Tariximizin öyrənilməsi: hazırkı vəziyyət, müasir çağırışlar və vəzifələr” mövzusunda məruzəsində professor Kərim Şükürov dövlətimizin başçısının 2005-ci, 2011-ci və 2015-ci illərdə Azərbaycan alimləri qarşısında çıxış edərək onların gələcək fəaliyyət istiqamətlərinə dair tapşırıqlar verdiyini, AMEA-nın 80 illik yubileyindəki çıxışının isə ictimai-siyasi, elmi həyatımızın əsas hadisəsinə çevrildiyini, tarix elmi qarşısında ciddi vəzifələr qoyduğunu söyləyib. Qeyd edib ki, dövlətimizin başçısının tapşırığından irəli gələrək və müasir texnologiyalardan istifadə etməklə Azərbaycan tarixi, eləcə də Azərbaycanın dövlətçilik tarixi yenidən dərindən araşdırılacaq, nəticələr dünya miqyasına çıxarılacaq.

Prezident İlham Əliyevin kartoqrafiya məsələlərinə xüsusi diqqət yetirdiyini deyən alim bu gün dünyada kartoqrafiya müharibəsinin getdiyini, hazırda Tarix və Etnologiya İnstitutunda “Azərbaycan Tarixi Atlası”nın hazırlandığını bildirib. Qeyd edib ki, atlasda 50-yə yaxın xəritəyə yer verilib və tədqiqat işi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi ilə birgə aparılıb, ilk dəfə xəritələrin coğrafi koordinatları əksini tapıb.

Son illərdə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən birinin də Qərbi Azərbaycanla bağlı olduğunu deyən professor Kərim Şükürov akademik İsa Həbibbəylinin təklifi əsasında Tarix və Etnologiya İnstitutunda Qərbi Azərbaycan şöbəsinin yaradıldığını və tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhramovun həmin şöbənin müdiri təyin edildiyini söyləyib. Vurğulayıb ki, qısa müddət ərzində şöbədə bir sıra tədqiqatlar aparılıb və həmçinin cəmiyyətdə, beynəlxalq elmi müstəvidə bu istiqamətdə Azərbaycan həqiqətlərindən çıxış edərək təbliğat işləri həyata keçirilir.

Xalqımızın tarixi torpaqlarından deportasiyası ilə bağlı sənədlər toplusunun da çapa hazırlandığını diqqətə çatdıran professor Kərim Şükürov bununla bağlı Rusiya və Gürcüstan arxivlərindən müvafiq sənədlərin əldə edilməsi üçün yazışmaların davam etdirildiyini söyləyib. Bundan əlavə, ikicildlik “Zəngəzur tarixi” kitabının hazırlandığını və tezliklə birinci cildinin çap ediləcəyini bildirib. Eyni zamanda, yeni müəyyən edilmiş “Azərbaycan tarixinin dövrləşdirilməsi konsepsiyası və inkişaf mərhələləri” əsasında 15 cildlik “Azərbaycan tarixi”nin çapa hazırlandığını deyib.

Professor, həmçinin Azərbaycanın dövlətçilik tarixi, Atropatena və Qafqaz Albaniyası istiqamətində, eləcə də Şərqşünaslıq İnstitutu ilə birgə Cənubi Azərbaycana dair aparılan tədqiqatlar haqqında məlumat verib.

Xəbər lenti