Botanika İnstitutunda “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Azərbaycan Respublikası Konstitusiyasının 30 ili və suverenliyin bərpası” adlı seminar keçirilib.
İnstitutdan bildirilib ki, seminarın açılışında Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru professor Səyyarə İbadullayeva Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötdüyünü söyləyib. Professor deyib: “Müstəqil Azərbaycanın Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilib. Bu tarixi günün 30-cu ildönümünə dövlətimiz Konstitusiyamızın bəyan etdiyi əsas niyyətlərdən biri kimi ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ilə başa çatıb. 2025-ci il həm də Vətən müharibəsindəki Qələbəmizin 5-ci ildönümüdür. Bu baxımdan, xalqımız və dövlətimiz üçün müstəsna tarixi əhəmiyyətini nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Suverenliyin qorunması, dövlətin gücləndirilməsi və inkişaf etdirilməsi uğrunda çalışmaq isə hər bir Azərbaycan vətəndaşının müqəddəs amalı olmalıdır.
Tədbirdə professor Şakir Qasımov, dosent Nigar Mürsəl qızı, dosent Sadıq Qarayev çıxış edərək konstitusiyanın ölkədə həyata keçirilən hüquqi – demokratik islahatlar üçün möhkəm bir təməl olduğunu, müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünkü uğurlarının hüquqi başlanğıcında məhz, Azərbaycanın ilk Konstitusiyası dayandığını vurğulayıblar.