Logo

Təqvimin qoşa bayramları – Zəfərin arxasındakı Bayraq

08.11.2025 22:53 85 baxış
IMG

Ta qədimdən savaşlarda qazanılan qələbələr, fatehlərin zəfərləri göyə ucaldılan bayraqlarla bəyan edilib. Savaş doğma yurdun azadlığı, Vətən torpağının bütövlüyü, milli dövlətin suverenliyi uğrunda gedirsə, bu müqəddəs amal naminə canını fəda edənlərin şəhadəti kimi, qazanılan qalibiyyəti aləmə bildirən bayraqların da yeri ucadan ucadır.

2020-ci ilin 8 noyabrında əzəli yurd yerimiz Şuşanın qala divarında asılan üçrəngli bayrağımız kimi. Otuzillik işğala son qoyan Vətən müharibəsindəki Zəfər Şuşada bayrağımızla taclandı.

8 Noyabr – Azərbaycanın yeni tarixinin və minilliklərlə ölçülən ulu keçmişimizin ən şanlı səhifəsi olan Vətən müharibəsindəki Zəfərin günüdür.

Bu gün həmçinin qala-şəhərimiz, mədəniyyət paytaxtımız yenidən doğuluşunun ildönümünü – milli təqvimimizdə parlaq yerini alan Şuşa Şəhəri Gününü qeyd edir. 

Tarixin yazısına, qismətinə bax ki, təqvimimizdə 8 Noyabrın ardınca gələn gün – 9 Noyabr da böyük bayramdır: Dövlət Bayrağı Günü.

1918-ci ilin bu günündə milli dövlətçilik irsimizin şərəfli səhifəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı qəbul edilib.

Bir kərə yüksələn bayraq... Azərbaycan sovetləşəndən (1920) sonra endirilsə də, 1991-ci ildə yenidən müstəqilliyini bərpa edən dövlətimizin rəmzi oldu.

Otuz ilə yaxın bu bayrağın bütün Vətən torpaqlarında göylərə ucalması ən müqəddəs arzumuz idi. 2020-ci ildə arzumuz gerçək oldu.

44 günlük savaşda azad edilən yurd yerlərimizlə bağlı Ali Baş Komandana ünvanlanan hər qalibiyyət raportu igidlərin arxasında ucalan bayrağımızla tarixə həkk edildi. 8 Noyabrın labüd davamı olan 2023-cü ilin 20 sentyabr qalibiyyəti də Xankəndidə qaldırılan bayraqla Azərbaycanın bütün ərazisi üzərində dövlət suverenliyini bərpa etdiyini dünyaya duyurdu...

8 Noyabr Zəfərinə qədər qeyd etdiyimiz 9 Noyabr – Dövlət Bayrağı günlərində, hər nə qədər fərəhli olsaq da, sevinciniz də, qürurumuz da tam deyildi. Çünki Vətən torpaqları tam deyildi. O Zəfərdən sonra tariximizin möhtəşəm mənzərəsi də, Bayraq sevincimiz də ürək dolusu tam oldu.

8 Noyabrdan sonra 9 Noyabr gəlir. Təqvimin sırası budur. Bizim üçün isə bu, sadəcə, sıralanan rəqəmlər deyil. Zəfərin arxasındakı Bayraq deməkdir.

Bayram bayrama qovuşanda gözəl olur. Bayramlarımız mübarək!

 

Vüqar Orxan


 

Xəbər lenti