Logo

“Prezident İlham Əliyevin Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaq keçirilib

08.11.2025 19:47 32 baxış
IMG

AMEA-nın Rəyasət Heyəti və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində Azərbaycan tarixi ilə əlaqədar qarşıya qoyduğu tələblər və AMEA-nın vəzifələri” mövzusunda yığıncaq keçirilib.

Tədbirin açılışında çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli dövlətimizin başçısının çağırışının Azərbaycan tarixinə yenidən qayıdılmasına və dərindən tədqiq edilməsinə əsas və stimul verdiyini söyləyib.

Azərbaycan Prezidentinin çıxışında “Bizim zəngin tariximiz əfsuslar olsun ki, Ermənistan tərəfindən, erməni diasporu tərəfindən uzun illər ərzində təhrif edilmişdir və bu istiqamətdə bizə qarşı aparılan təbliğat bu gün də dayanmır. Ona görə bunun qabağına biz öz həqiqətlərimizi qoymalıyıq”, - bildirdiyini deyən akademik İsa Həbibbəyli, həmçinin Azərbaycanın dövlətçilik tarixinin araşdırılaraq cəmiyyətdə, gənclər arasında təbliğinin qarşımıza vəzifə kimi qoyulduğunu vurğulayıb.

Sonra yığıncaqda AMEA-nın A.A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun direktoru tarix elmləri doktoru, professor Kərim Şükürovun “Tariximizin öyrənilməsi: hazırkı vəziyyət, müasir çağırışlar və vəzifələr” mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, İctimai Elmlər Bölməsinin Elmi şurasının sədri akademik Gövhər Baxşəliyeva çıxış edərək Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində dərin məzmunlu çıxışının alimlərimizə verilən böyük dəyərin ifadəsi olduğunu söyləyib. Akademik Gövhər Baxşəliyeva çıxışında Şərq xalqlarının alimlərinin Azərbaycanla bağlı apardıqları tədqiqatlar, həmin nəşrlərdəki xəritələr barədə məlumat verib.

Yığıncaqda “Prezident İlham Əliyevin çıxışı: Arxeoloji və antropoloji tədqiqatlarda yeni yol xəritəsi”, “Tariximizin öyrədilməsi və təbliği sahəsində vəzifələr və tarixçi məsuliyyəti” və “Tarix elmi və süni intellekt: yeni metodologiya və perspektivlər” mövzularında məruzələr dinlənilib. Məruzələrdə Qarabağ və Şərqi Zəngəzurda aparılan arxeoloji tədqiqatlar, tariximizin təbliği istiqamətində görülən işlər və tarixi tədqiqatlarda süni intellekt imkanlarından istifadəyə dair məlumatlar təqdim olunub.

 

Xəbər lenti