Logo

Gənclər Kitabxanasının Zəfər Günü ilə əlaqədar sərgi və təqdimatları

08.11.2025 21:00 29 baxış
IMG

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası Azərbaycanın müstəqilliyinin, gücünün və qüdrətinin rəmzi, milli qürur və şərəf tariximiz olan Zəfər Günü ilə əlaqədar “Zəfər tariximiz haqqında ədəbiyyatın kitabxanalarda təbliği” adlı metodik vəsait, “Zəfər əbədidir!” adlı virtual kitab sərgisi, “Şuşa Zəfəri əbədi qürur mənbəyimizdir!” adlı biblioqrafik icmal və “8 Noyabr – Zəfər Günü” adlı ənənəvi kitab sərgisini oxuculara təqdim edib.

Kitabxanadan bildirilib ki, "Zəfər tariximiz haqqında ədəbiyyatın kitabxanalarda təbliği" adlı metodik vəsait oxuculara Vətən müharibəsində qazanılmış tarixi Qələbənin mahiyyətini daha dərindən anlatmaq, bu mövzuda yazılmış ədəbi, publisistik və elmi materialların kitabxana mühitində daha səmərəli şəkildə təqdim olunmasını təmin etmək məqsədilə hazırlanıb.

Kitabxananın saytında yerləşdirilən vəsaitdə bir sıra rəsmi sənədlərin tam mətni, Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsi dönəmində xalqa olan müraciətləri, işğaldan azad olunmuş şəhər, qəsəbə və kəndlərimizin siyahısı, müharibə iştirakçılarının təltif edildiyi orden və medallar, Vətən müharibəsi memorial kompleksi, Zəfər Muzeyi, Zəfər tağı, Hərbi Qənimətlər parkı haqqında məlumat, kitabxanalarda şanlı Zəfər tarixinə həsr edilən tədbirlərin keçirilməsinə dair tövsiyələr təqdim edilir.

“Şuşa zəfəri əbədi qürur mənbəyimizdir!” adlı biblioqrafik icmalda Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında və Şuşa şəhəri ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarının tam mətni yer alır. Materialda “Şuşa mədəniyyət paytaxtı”, “Dünyanı heyrətləndirən Şuşa döyüşü”, “Əziz Şuşa, sən azadsan!” kimi bölmələrlə yanaşı, Azərbaycan, türk, ingilis və rus dillərində nəşr edilən 20-dən çox kitabın biblioqrafik təsviri, qısa annotasiyası və 5 il müddətində dövrü mətbuatda dərc edilən məqalələrin siyahısı təqdim edilir. İstifadəçilər rəsmi saytın müvafiq keçidi https://www.ryl.az/funds/biblioqrafik-icmal vasitəsilə biblioqrafik icmaldan yararlana bilərlər.

“Zəfər əbədidir!” adlı virtual kitab sərgisində rəsmi sənədlərlə yanaşı “Qarabağ Zəfəri. 44 günün pərdəarxası”, “Zəfər yolu”, “Azərbaycan tarixinin Zəfər salnaməsi”, “Zəfəri qanınla yazdın qəhrəman”, “Sən azadsan”, “Yeni Qarabağnamə”, “Zəfər dastanı” kimi 30-a qədər kitabın və “Şuşa-Zəfər yürüşünün zirvəsi”, “Şuşa, sən əbədi bizimsən!”, “Böyük Zəfərin 44 anı” kimi məqalələrin də tam mətni təqdim edilir. Material kitabxananın saytında yerləşdirilib.

“8 Noyabr – Zəfər Günü” adlı ənənəvi kitab sərgisində kitabxananın fondundan 50-yə yaxın nəşr sərgilənir.

Xəbər lenti