Logo

Maliyyə və mühasibat fakültəsində uşaq hüquqlarının təminatına həsr olunan seminar keçirilib

12.11.2025 18:03 29 baxış
IMG

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Maliyyə və mühasibat fakültəsində tələbələr üçün “Azərbaycan Respublikasının Konstitusiyasında uşaq hüquqlarının təminatı” mövzusunda seminar keçirilib.

Tədbiri giriş sözü ilə Maliyyə və mühasibat fakültəsinin dekanı, dosent Hafis Hacıyev açaraq, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən “Uşaq hüquqları haqqında” Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində 2025-ci ilin oktyabr ayının 20-dən noyabr ayının 20-dək ölkədə “Uşaq Hüquqları Aylığı”nın elan edildiyini bildirib, uşaq hüquqlarının etibarlı müdafiəsinin təmin edilməsinin insan hüquqlarının qorunmasında, eləcə də inklüziv və bərabər imkanlara əsaslanan cəmiyyətin formalaşdırılmasında əsas aspektlərdən birini təşkil etdiyini qeyd edib və bu sahədə maarifləndirmə tədbirlərinin keçirilməsinin əhəmiyyətindən bəhs edib.

“İqtisadiyyat” kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Ərəbiyyə Mustafayeva çıxış edərək 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının uşaqların hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət daşıdığını qeyd edib, Azərbaycan dövləti tərəfindən uşaqların hüquqlarının təmini, müdafiəsi və təşviqi sahəsində müntəzəm olaraq mühüm islahatların həyata keçirildiyini, uşaqların layiqli həyat səviyyəsinin təmin edilməsi məqsədilə güclü normativ-hüquqi bazanın və institusional strukturun formalaşdırıldığını bildirib, Azərbaycan Respublikasının Konstitusiyasının uşaqların hüquqlarının təmini istiqamətində mühüm müddəaları və öhdəlikləri ehtiva etdiyini, uşaqlar da daxil olmaqla insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində münasibətlərin tənzimlənməsində hüquqi baza rolunu oynadığını diqqətə çatdırıb.

Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti