Təhsilə ayrılan vəsaitin ilbəil artım dinamikası dövlətimizin başçısının təhsilin inkişafına göstərdiyi xüsusi diqqət və qayğısı, eləcə də dövlət siyasətində insan kapitalının formalaşdırılmasının prioritet istiqamət kimi müəyyən edilməsinin məntiqi nəticəsidir.
Bunu elm və təhsil naziri Emin Əmrullayev noyabrın 13-də Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, 2026-cı ilin büdcə layihəsində elm köməkçi bölməsi üzrə ötən illə müqayisədə 10 milyon manat az, 4,2 faiz azalma olmaqla ümumilikdə 229 milyon manat vəsait proqnozlaşdırılıb. Bu vəsaitin 87,9 milyon manatı Elm və Təhsil Nazirliyinə tabeli elmi müəssisə və təşkilatlar üçün nəzərdə tutulub. Bunun da 78,1 faizi əməyin ödənilməsi xərcləri təşkil edəcək.