Azərbaycanda ənənəvi olaraq nəzəriyyə və fundamental elmlərə üstünlük verilir. Riyaziyyat, fizika kimi sahələrə yönəlmək və nəzəri düşüncəyə dəyər vermək yüksək qiymətləndirilir. Bu meyil, keçmiş Sovet İttifaqının elm ənənələrindən miras qalan bir xüsusiyyət kimi bu gün də öz təsirini qoruyur.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Yaponiyada yaşayan azərbaycanlı professor, elektronika mühəndisi, ixtiraçı Xəlil Kələntər deyib.
O bildirib ki, son illərdə Azərbaycan elmi mühitinə yeni dinamika gəlib. Bu isə bir neçə səbəblə əlaqədardır.
“Azərbaycanda fərdi tədqiqatçının unikal yanaşması və dərin nəzəri araşdırması hörmətlə qarşılanır. Lakin resurs və infrastruktur baxımından müəyyən çətinliklər var. Sovet İttifaqının dağılmasından sonra maliyyə təminatı və müasir laboratoriya avadanlığı məsələlərində problem yaşanıb, buna görə tədqiqatlar məhdud imkanlarla aparılıb. Son illərdə beynəlxalq əlaqələr və fənlərarası yanaşmaların artması elmi mühitə yeni dinamika gətirib, çevik, fərqli yanaşmalar tətbiq olunur. Bu, müsbət haldır, yaxşı perspektiv vəd edir”, - deyə X.Kələntər əlavə edib.