Logo

AMEA-da islahatların əsas istiqamətlərindən biri süni intellektin elmi tədqiqatlarda tətbiqidir

13.11.2025 15:50 26 baxış
IMG

Dövlətimizin başçısının AMEA-nın 80 illik yubiley yığıncağında iştirakı və çıxışı Azərbaycan aliminə, elminə, ziyalısına və Milli Elmlər Akademiyasına diqqətin ifadəsidir.

Bu fikri AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Rəyasət Heyətinin “Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı nitqində qarşıya qoyduğu vəzifələr” mövzusunda növbəti iclasında söyləyib.

“Prezident İlham Əliyev XXI əsrin çağırışları işığında qarşımızda vəzifələr qoydu və fəaliyyət istiqamətlərimiz üçün yeni üfüqlər açdı. Dövlətimizin başçısı IV Sənaye İnqilabının əsas çağırışlarından olan süni intellekt, texnoloji inkişaf və kibertəhlükəsizliklə bağlı Azərbaycan elmi və Akademiya qarşısında vəzifələr qoydu”, - deyən akademik İsa Həbibbəyli qeyd edib ki, son illərdə AMEA-da həyata keçirilən islahatların əsas istiqamətlərindən biri də elektron xidmətlərin genişləndirilməsi və süni intellektin imkanlarından elmi tədqiqatlarda istifadəsi olub. AMEA rəhbəri diqqətə çatdırıb ki, 2023-cü ildə bununla bağlı olaraq Rəyasət Heyəti aparatında Elektron Akademiya şöbəsi yaradılıb. Bu il həmin struktur Rəqəmsal akademiya, süni intellekt və elektron xidmətlər şöbəsi adlandırılıb. AMEA-nın 3 jurnalı Türkiyənin “Ulakbim-DərgiPark” bazasına daxil olub, şöbənin əməkdaşları tərəfindən Milli İstinad Sistemi yaradılıb, reytinq meyarları müəyyənləşdirilib və proses davam edir.

Xəbər lenti