Noyabrın 17-dən Elm və Təhsil Nazirliyinin dəstəyi və “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə Beynəlxalq STEAM Azərbaycan Festivalına start verilib. Festival çərçivəsində 20-dən artıq ölkədən minlərlə şagird, tələbə, mentor və ekspert 18 müxtəlif yarış kateqoriyası üzrə bacarıqlarını nümayiş etdirir.
AZƏRTAC-ın əməkdaşları festivalın iştirakçılarından biri olan “Flytron” komandasının üzvləri ilə söhbətləşiblər.
Komanda Şabran rayonunun 5 nömrəli tam orta məktəbinin VIII sinif şagirdlərindən ibarətdir.

Onlar təqribən dörd həftə ərzində hazırladıqları dronla festivalda yarışırlar. Komandanın kapitanı Cavidan Əkbərov deyir ki, dronla yarışa qatılmaq ideyası müəllimlərindən gəlib: “Mən əvvəllər H2 qrampirləri hazırlayırdım. Müəllimim dronla iştirak etməyi təklif etdikdən sonra bu sahəyə marağım artdı. Dronun hazırlanmasında da müəllimimiz müxtəlif mərhələlərdə bizə dəstək oldu. “Flycontrol” sistemi dronu havaya qaldırır və batareyanın gücünü motorlara stabil şəkildə ötürür”.
İştirakçılar hazırladıqları dronu gələcəkdə daha da təkmilləşdirməyi planlaşdırırlarlar.
Qeyd edək ki, festival robototexnika, süni intellekt, bərpaolunan enerji, dron və peyk texnologiyaları, incəsənət, innovativ layihələr və mühəndislik kimi sahələri əhatə edən kateqoriyaları ilə seçilir. Final mərhələsinə 1400-dən çox iştirakçı vəsiqə qazanıb, onların 202-si müxtəlif xarici ölkələri təmsil edir. Ümumilikdə festivalda 22 ölkə iştirak edir.
Beynəlxalq STEAM Azərbaycan Festivalı noyabrın 19-dək davam edəcək. STEAM əsaslı tədris modeli elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ şəkildə tədrisinə əsaslanır.