“AIESEC Azərbaycan” beynəlxalq gənclər təşkilatı Bakı Dövlət Universitetinin (BDU) Tələbə Gənclər Təşkilatının (TGT) təşəbbüsü ilə tələbələr üçün infosessiya keçirib.
Universitetdən bildirilib ki, BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov “AIESEC Azərbaycan”ın həyata keçirdiyi layihələrin gənclərin şəxsi və peşəkar inkişafında mühüm rol oynadığını qeyd edib. O, həmçinin BDU TGT-nin universitet tələbələrinin karyerasının formalaşmasında və sosial fəallığının artırılmasında mühüm rol oynadığını vurğulayıb.
“AIESEC Azərbaycan”ın marketinq və ictimaiyyətlə əlaqələr komitəsinin sədri Nazənin Məmmədli tələbələrə qurumun fəaliyyət istiqamətləri, beynəlxalq proqramları və təşkilata qoşulma prosesini izah edib. Bildirib ki, “AIESEC”in tələbələr üçün təqdim etdiyi xaricdə könüllülük, maaşlı təcrübə və liderlik proqramları iştirakçılara fərdi inkişaf, yeni mədəniyyətlərlə tanışlıq və qlobal şəbəkə qurmaq baxımından geniş imkanlar yaradır.
İnfosessiya interaktiv müzakirələrlə davam edib.
Qeyd edək ki, “AIESEC” dünyanın 130-dək ölkəsində fəaliyyət göstərir. Təşkilatın Azərbaycanda fəaliyyəti isə 2006-cı ildən başlayıb. Təşkilatın əsas məqsədi gənclərin liderlik potensialını aşkarlamaq, onların inkişafına töhfə vermək, müxtəlif proqramlar vasitəsilə onlara beynəlxalq təcrübə keçmək şansı yaratmaqdır.