Elm və təhsil nazirinin müavini Firudin Qurbanovun Lənkəran rayonuna səfəri çərçivəsində bir sıra görüşlər keçirilib, təhsil müəssisələrinə baxış olub və vətəndaş qəbulu təşkil edilib.
Nazirlikdən bildirilib ki, səfərin əvvəlində nazir müavini Firudin Qurbanov Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub.
Sonra Firudin Qurbanov Lənkəran şəhəri 7 nömrəli körpələr evi-uşaq bağçasında olub, məktəbəqədər təhsil müəssisəsinin fəaliyyəti, yaradılmış şərait və uşaqların inkişafı üçün formalaşdırılmış imkanlarla maraqlanıb. Nazir müavini Lənkəran şəhəri V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseyin vəziyyəti ilə tanış olub. Pedaqoji kollektiv və şagirdlərlə görüşüb. İdman zalı, kitabxana, bufet və sinif otaqlarına baxış keçirib. Nazir müavini tədris prosesi ilə tanış olub, dərsləri izləyib və müəllim-şagird heyəti ilə səmimi söhbətlər aparıb.
Bölgədə fəaliyyət göstərən təhsil müəssisələrinin pedaqoji heyəti ilə keçirilən görüş zamanı tədrisin keyfiyyətinin artırılması istiqamətində fikir mübadiləsi aparılıb, müəllimlərin təklif və rəyləri dinlənilib. Müzakirələrdə müəllim fəaliyyətində məsuliyyətin artırılması, laqeydliyin qarşısının alınması və təşəbbüskarlığın stimullaşdırılması kimi məsələlər diqqət mərkəzində olub.
Nazir müavini bildirib ki, müasir dövrdə müəllimin rolu dəyişir. Müəllim şagirdlərə kömək etməli, istiqamət verməli və onların marağını cəlb etməlidir.
Daha sonra Firudin Qurbanov Lənkəran şəhəri M.Bağırov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. Nazir müavini bildirib ki, müəllimlik peşəsi ali bir missiyadır, elm və texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə müəllimlər daim öz üzərlərində çalışmalıdırlar. Noyabr ayında xüsusi əlamətdar günləri qeyd etdiyimizi bildirən Firudin Qurbanov 44 günlük Vətən müharibəsində və antiterror tədbirlərində dövlət-ordu-xalqın “Dəmir yumruq” kimi birləşməsi nəticəsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin tam təmin olunmasına diqqət çəkib. Nazir müavini Vətən müharibəsində 760 təhsil işçisinin düşmənə qarşı vuruşduğunu, onlardan 20 nəfərin qəhrəmancasına şəhidlik zirvəsinə ucaldığını vurğulayıb və şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Görüş çərçivəsində “Qarabağa təhsil qayıdır”, “Müasir təhsil imkanları - yeni dövr və yeni perspektivlər”, “Dünyəvi tendensiyalar müasir təhsildə”, “Hibrid və sosial mediada təhsil”, “IV texnoloji inqilab”, “Təhsilin təcrübə ilə birləşdirilməsi”, “Müəllimin rolunun dəyişməsi və yeni peşələr”, “STEAM təhsili və festivalı”, “Uşaq və şagirdlərin yaradıcılıq fəaliyyəti, sağlamlığı və təhlükəsizliyi”, “Tələbələrin işlə təmin olunması” mövzularından danışılıb.
Nazir müavini işğaldan azad olunmuş ərazilərdə görülən işlər barədə məlumat verib və bildirib ki, ölkəmizin qarşısında duran prioritet məsələ XXI əsrin tələblərinə cavab verən bilik və bacarıqlara malik, hərtərəfli dünyagörüşə, öz ailəsinə, cəmiyyətə, dövlətə, ailədə və ölkəmizdə qəbul edilən mənəvi-əxlaqi dəyərlərə hörmət edən, Vətənin dinc quruculuğu və müdafiəsinə hazır olan yeni nəslin formalaşdırılmasıdır.
Görüş zamanı Firudin Qurbanov Lənkəran şəhər Hirkan qəsəbə tam orta ümumtəhsil məktəbinin SAF 2025 festivalında qalib olan şagirdlərini təbrik edib. Nazir müavini bildirib ki, müasir dünyada bilik və bacarıqlar əldə etmək həyati zərurətdir. Yalnız bilikli, yaradıcı və sağlam mənəviyyatlı gənclər ölkəmizin əsas gücü olacaq.
Səfərin sonunda Firudin Qurbanov vətəndaşların qəbulunu keçirib. Qəbula gələn vətəndaşların müraciətləri əsasən məşğulluq və digər məsələlərlə bağlı olub. Nazir müavini hər bir müraciətin operativ araşdırılması və qanunvericiliyə uyğun həll olunması ilə bağlı müvafiq tapşırıqlar verib.