Neftçala rayon Heydər Əliyev Mərkəzində “AZLİNG 2025: Azərbaycan dili və müasir dilçilik – problemlər, perspektivlər və çağırışlar” adlı beynəlxalq elmi konfrans keçirilib.
“Konstitusiya və Suverenlik İli”nə həsr edilən konfransa ölkənin müxtəlif elmi mərkəzlərini təmsil edən yüzə yaxın alim və gənc tədqiqatçı qatılıb. “AZLİNG 2025”də müasir dünya dilçilik elminin inkişaf meyilləri fonunda Azərbaycan dilinin mövcud problemləri və onların həlli istiqamətləri geniş müzakirə olunub.
Bu barədə Şirvan-Salyan Regional Mədəniyyət İdarəsi məlumat yayıb.
Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli liderin abidəsini ziyarət ediblər.
Sonra “Azərbaycanın dilçilik nailiyyətləri” sərgisi ilə tanışlıq olub. Sərgidə Azərbaycan dilçiliyinin son illərdə əldə etdiyi elmi nəticələri əks etdirən müxtəlif nəşrlər nümayiş olunub.
Konfransı Neftçala rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Məmmədova açaraq Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubileyində ana dilimizlə bağlı səsləndirdiyi fikirlərə istinad edib. O, dövlətimizin başçısının Azərbaycan dilinin saflığının qorunması ilə bağlı fikirlərini xatırladaraq, dilin xalqın taleyi, kimliyi və mənəvi dəyərləri ilə sıx bağlı olduğunu bildirib.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəisi Araz Əlizadə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, Əməkdar elm xadimi Qəzənfər Paşayev, Xəzər Universitetinin rektoru Raziyə İsayeva və başqa çıxış edənlər konfransın əhəmiyyətini yüksək qiymətləndirib, qloballaşma dövründə Azərbaycan dilinin qorunub saxlanmasının strateji önəm daşıdığını qeyd ediblər.
Çıxışlarda həmçinin dövlət dilinin inkişafı və onun cəmiyyət həyatında möhkəmləndirilməsi ilə bağlı qəbul olunmuş qərarların və irəli sürülən müvafiq tezislərin aktuallığı bir daha vurğulanıb.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun dosenti, filologiya elmləri doktoru Qüdsiyyə Qəmbərova ötənilki elmi konfransın materialları əsasında hazırlanmış linqvistik toplunun təqdimatını edib.
Konfrans Pekin Xarici Dillər Universitetinin Azərbaycan dili kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Aqşin Əliyevin moderatorluğu ilə davam edib. O, AZLİNG konfranslarının beş illik fəaliyyətinə dair hesabatı təqdim edib. Tədbir “Gənc dilçilər” forumu ilə davam etdirilib.
Konfransın bölmə iclaslarında 100-ə yaxın alim və gənc tədqiqatçı aktual dilçilik problemlərinə dair elmi nəticələrini təqdim ediblər.
Sonda iştirakçılara sertifikatlar təqdim olunub.