Bu il anadan olmasının 140 illiyi dövlət səviyyəsində qeyd edilən dahi bəstəkar, Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin Bakıdakı ev-muzeyinin fəaliyyətə başlamasının 50 illik yubileyi ilə də əlamətdardır. Bu münasibətlə, eyni zamanda Üzeyir Hacıbəylinin vəfatının (23 noyabr 1948-ci il) 77-ci ildönümü ilə bağlı noyabrın 21-də muzeydə tədbir və muzeyin 50 illiyinə həsr olunmuş sərginin təqdimatı keçirilib.
Mədəniyyət və incəsənət xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə Üzeyir bəyin Azərbaycanın musiqi tarixində və ümumilikdə mədəniyyət salnaməsində misilsiz xidmətlərindən bəhs olunub.
Muzeyin direktoru Xalq artisti Sərdar Fərəcov qeyd edib ki, Üzeyir Hacıbəyli 1915-1942-ci illərdə bu evdə yaşayıb-yaradıb. Onun zəngin yaradıcılığının mühüm bir dövrü bu məkanla bağlıdır. Bu gün Azərbaycan Respublikasının Dövlət Himni olan "Azərbaycan marşı" burada bəstələnib, “Sənsiz”, “Sevgili canan” kimi bənzərsiz romanslar bu evin divarları ərsəyə gəlib, “Koroğlu” operası burada yazılıb. Bu baxımdan ev-muzey yalnız bir yaşayış məkanı deyil, milli musiqi tariximizin canlı yaddaşıdır.
Diqqətə çatdırılıb ki, Şamil Əzizbəyov (keçmiş Verxnyaya priyutskaya, sonralar Ketsxoveli) küçəsi 67/69 ünvanındakı mənzildə Üzeyir Hacıbəylinin ev-muzeyi Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılıb. Muzeyin açılışı 1975-ci il noyabrın 20-də Heydər Əliyevin iştirakı ilə keçirilib.
Azərbaycan Bəstəkarlar İttifaqının sədri Xalq artisti, professor Firəngiz Əlizadə dahi bəstəkarın 140 illiyinin ölkəmizdə və onun hüdudlarından kənarda qeyd olunmasından, bu münasibətilə Almaniyada keçirilmiş tədbirdən söz açıb.
Tarix elmləri doktoru, Əməkdar elm xadimi, professor Solmaz Rüstəmova-Tohidi, musiqişünas, Əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə, digər çıxış edənlər Üzeyir bəyin zəngin yaradıcılığına dair maraqlı faktlar diqqətə çatdırıb, onun irsinin yaşadığı ev-muzeyinin faəliyyətindən bəhs ediblər.
Tədbirin bədii hissəsində Şövkət Ələkbərova adına 20 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri konsert proqramı ilə çıxış ediblər.
Sonra qonaqlar muzeyin ekspozisiya zalları və 50 illik yubileyə həsr olunmuş sərgi ilə tanış olublar.
Qeyd edək ki, muzeyin yubiley sərgisi ilin sonunadək ziyarətçilər üçün açıq olacaq.