Logo

BDU tələbələri işğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri ilə bağlı məlumatlandırılıb

20.11.2025 21:02 22 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Karyera və məzunlarla iş mərkəzi və Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional məşğulluq filialının birgə təşkilatçılığı ilə xalqımızın tarixi Zəfərinin 5 illik yubileyinə həsr olunmuş “Peşəkar gələcəyə doğru körpü” adlı ixtisaslaşmış Karyera Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) Maarifləndirmə və zərərçəkənlərlə iş şöbəsinin müdiri Ramil Əzizovun “İşğaldan azad olunmuş bölgələrdə minatəmizləmə işləri” mövzusunda təlimi təşkil olunub.

BDU-dan bildirilib ki, təlimdə Ramil Əzizov işğaldan azad edilmiş ərazilərdə bu günə qədər 11 667 kvadratkilometr ərazinin mina və partlamamış hərbi sursatlarla çirklənmiş hesab olunduğunu söyləyib. O, bu çirklənmənin müxtəlif – aşağı, orta və yüksək səviyyələrdə qeydə alındığını bildirib. Vurğulayıb ki, 30 illik işğal dövründə 900-dən çox yaşayış məskəni tamamilə dağıdılıb. Vətən müharibəsindən sonrakı beş il ərzində azad edilmiş ərazilərdə 39 533 piyada əleyhinə, 22 762 tank əleyhinə mina, 168 487 partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib. 1991–2025-ci illər ərzində ölkəmizdə mina partlayışları nəticəsində 362-si uşaq, 38-i qadın olmaqla ümumilikdə 3491 nəfər zərər çəkib.

Ramil Əzizov minatəmizləmə əməliyyatlarında istifadə olunan üsul və texnologiyalar barədə də məlumat verib. Şöbə müdirinin sözlərinə görə, ölkəmizdə minatəmizləmədə əsasən xüsusi təlim keçmiş itlər və siçovullar, eləcə də mexaniki texnikalar tətbiq olunur. Yerli istehsal imkanlarının genişlənməsi bu prosesin daha da sürətləndirilməsinə şərait yaradır. O, həmçinin BMT-nin İnkişaf Proqramı və Mina Məsləhətçi Qrupunun dəstəyi ilə Azərbaycanda ilk dəfə olaraq qadınlardan ibarət minatəmizləmə qruplarının fəaliyyətə başladığını və bu qrupların əməliyyatlara aktiv şəkildə cəlb olunduğunu diqqətə çatdırıb.

Təlimin sonunda Ramil Əzizov mina təhlükəsi ilə mübarizənin Azərbaycanın Milli Davamlı İnkişaf Məqsədlərinin 18-ci istiqaməti kimi təqdim olunduğunu bildirib. Diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin beynəlxalq platformalardakı təşəbbüsləri nəticəsində mina təhlükəsinə qarşı mübarizə ayrıca milli məqsəd kimi təsbit edilib. Dünya üzrə 60-dan çox ölkənin mina təhlükəsindən əziyyət çəkdiyi nəzərə alınaraq, bu məsələnin ayrıca inkişaf məqsədi kimi müəyyənləşdirilməsinin vacibliyi vurğulanıb.

Xəbər lenti