Təhsilə yatırılan investisiya hər zaman ən yüksək geri dönüş gətirir.
Bunu BP şirkətinin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli BP və tərəfdaşlarının ingilis dili üzrə "Məktəblilər üçün yeni rəqəmsal ingilis dili öyrənmə mənbəyi" layihəsinin təqdimatında deyib.
Onun sözlərinə görə, BP-nin sosial layihələrində təhsilin prioritet seçilməsi məqsədyönlü yanaşmanın nəticəsidir: "Təhsil sahəsinə yönələn investisiyanın geri dönüşü digər sahələrlə müqayisədə daha böyükdür. Buna görə də layihələrimizi Elm və Təhsil Nazirliyinin dəstəyi və istiqaməti ilə həyata keçiririk".
O bildirib ki, nazirliyin pandemiya dövründə başladığı Rəqəmsal Məktəb layihəsi bu gün də aktiv şəkildə istifadə olunur, mövcud resurslar şagirdlər və müəllimlər üçün tam əlçatan olaraq qalır: "Tərəfdaşlarla müzakirələrdən sonra yeni formatda ingilis dili dərs vəsaitlərinin hazırlanması qərara alınıb. Layihə Landau məktəbinin təklifi əsasında formalaşıb. Hazırlanan resurs müəllimin təqdimatı, slaydlar və tapşırıqların həlli ilə bağlı görüntünün eyni anda ekranda göstərildiyi üçlü formatı özündə birləşdirir".
B. Aslanbəyli əlavə edib ki, özəl məktəb keyfiyyətində hazırlanan bu resurs ölkənin bütün şagirdləri, müəllimləri və valideynləri üçün əlçatan olacaq: "5–9-cu siniflər üçün riyaziyyat məzmunu artıq istifadədədir. 5–11-ci siniflər üçün ingilis dili materialları isə tam hazırdır və platformalara yerləşdirilir. Bu platforma şagirdlərə məktəbdə keçirilən dərsləri daha yaxşı mənimsəməyə kömək edir. Müxtəlif bölgələrdə çalışan müəllimlər resurs vasitəsilə həmkarlarının dərskeçmə üsullarından öyrənmək imkanı əldə edirlər. Valideynlər də övladlarına dəstək olmaq üçün dərsləri əvvəlcədən izləyə və hazırlıq görə bilirlər".
O, layihədə iştirak edən müəllimlərin rolunu xüsusi vurğulayıb: "Müəllimlərin seçimi yalnız Landau məktəbinin heyəti ilə məhdudlaşmayıb. Açıq müraciət formatı elan edilib və könüllü müraciət edən müəllimlər arasından ekspert seçimləri aparılıb. Onların zəhməti nəticəsində bu materiallar ərsəyə gəlib".