Daşkənd Dövlət Nəqliyyat Universitetinin prorektoru və Türk Dövlətləri Beynəlxalq Universitetinin rektoru professor Bahodir Turaev Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova ilə görüşüb. Görüşdə hər iki universitetin nümayəndələri də iştirak ediblər.
AzMİU-dan bildirilib ki, müqavilə imzalanmazdan əvvəl rektorlar çıxış edərək son illərdə Özbəkistan ilə Azərbaycan arasında sürətlə inkişaf edən əməkdaşlıq əlaqələrinə toxunublar. Onlar Prezident İlham Əliyevin və Prezident Şavkat Mirziyoyevin qarşılıqlı səfərlərinin, eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində möhkəmlənən qardaşlıq münasibətlərinin ali təhsil müəssisələri arasında əməkdaşlıq üçün geniş imkanlar yaratdığını qeyd ediblər.
Daha sonra nümayəndə heyətlərinin iştirakı ilə müzakirələr aparılıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Xüsusilə Daşkənd Dövlət Nəqliyyat Universiteti ilə nəqliyyat, logistika və uyğun ixtisaslar üzrə birgə fəaliyyət imkanları ətrafında fikir mübadiləsi aparılıb.
Görüşün sonunda AzMİU və Türk Dövlətləri Beynəlxalq Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənəd tərəflər arasında akademik əlaqələrin genişləndirilməsini, müəllim, tələbə və işçi heyətinin mübadiləsini, birgə tədqiqat layihələrinin həyata keçirilməsini nəzərdə tutur. Həmçinin simpoziumlar, konfranslar və qısamüddətli kursların təşkili, tədris və idarəçilik təcrübələrinin paylaşılması, ekoloji idarəetmə sahəsində ortaq fəaliyyətlər və elmi-metodik nəşrlərin mübadiləsi planlaşdırılır.
Memorandum koordinasiya olunan layihələr üçün resurs və infrastrukturdan qarşılıqlı istifadə imkanlarını da təmin edir. Bu əməkdaşlıq universitetlərin beynəlxalq əlaqələrinin genişləndirilməsi və təhsil ilə elmi-tədqiqat sahələrində inkişafın sürətləndirilməsi baxımından mühüm addım kimi dəyərləndirilir.