Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Özbəkistanın Daşkənd şəhərində ali təhsildə qlobal körpülərin qurulmasına dair “QS Eurasia Forum 2025” tədbiri çərçivəsində sessiyada çıxış edib.
BDU-dan bildirilib ki, “Körpünün qurulması: yeni beynəlxalq tərəfdaşlıqları necə inkişaf etdirmək olar” adlı sessiyaya QS Agentliyinin regional direktoru Sergey Xristolyubov moderatorluq edib.
Sessiyada beynəlxalq əməkdaşlıq, ali təhsildə strateji tərəfdaşlıqların formalaşdırılması və dayanıqlı inkişaf modelləri müzakirə olunub. Tədbirdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Rufət Əzizov, Seçeni İştvan Universitetinin Biznes inzibatçılığı elmləri üzrə doktorantura məktəbinin direktoru Laszlo Vasa və “British Council” şirkətinin Özbəkistan nümayəndəliyinin direktor müavini Cəmilə Qülyamova çıxış ediblər.
Çıxışı zamanı Elçin Babayev BDU-nun beynəlxalq əməkdaşlıq strategiyasının universitetin akademik inkişafına, tədqiqat fəaliyyətinə, institusional dayanıqlılığına və qlobal tanıdılmasına verdiyi töhfələri xüsusi vurğulayıb. Rektor BDU-nun beynəlxalq fəaliyyətinin əsas istiqamətlərini tələbə və müəllim mübadiləsi, beynəlxalq fakültə və institutların yaradılması, ikili diplom proqramlarının həyata keçirilməsi, beynəlxalq qrant layihələrində iştirak, qlobal assosiasiya və şəbəkələrdə təmsilçilik, həmçinin beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq kimi prioritetlərlə izah edib.
Sessiya iştirakçıları uzunmüddətli tərəfdaşlıqların davamlılığını təmin edən akademik və inzibati struktur bölmələrin rolunu, universitetin beynəlxalq şəbəkələrdə fəal iştirakını, müəllim və tələbə mübadiləsi proqramlarının genişləndirilməsini, eləcə də akademik əməkdaşlıqların səmərəliliyinin artırılması məsələlərini müzakirə ediblər. Məhdud resurslar şəraitində tərəfdaşlıqların prioritetləşdirilməsi strategiyası da diqqət mərkəzində olub. Bu çərçivədə strateji uyğunluq, tərəfdaş institutların akademik nüfuzu, regional əhəmiyyət, potensial təsir və resurs səmərəliliyi kimi meyarların həlledici olduğu qeyd edilib. Eyni zamanda ali təhsil müəssisələrinin əməkdaşlıq təcrübələrini dövri olaraq yenidən qiymətləndirməsi, səmərəsiz tərəfdaşlıqlardan imtina edilməsi və keyfiyyət yönümlü əməkdaşlıqların təşviqi tövsiyə olunub.