Son illər Botanika İnstitutunda yerli və beynəlxalq layihələr çərçivəsində yüksək elmi tutumlu işlər həyata keçirilir. Bu proqramlardan biri - “Qarabağ florasında yabanı bioloji resursların taksonomik tərkibi və variativliyinin saxlanılması üçün etnobioloji informasiyaların icmalara çatdırılması” mövzusunda elmi-tədqiqat layihəsində institutun bir sıra şöbələrinin əməkdaşları iştirak edib və proqram uğurla tamamlanıb.
Bu barədə AZƏRTAC-a açıqlamasında Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun direktoru biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva məlumat verib. Professor xatırladıb ki, layihənin nəticəsi kimi ilk dəfə olaraq “Qarabağ florası” adlı fundamental əsər tərtib edilib. Qeyd etmək lazımdır ki, institut yaranandan bəri 90 il ərzində belə bir əsərin hazırlanması ilk dəfə reallaşıb. Əsər ərazidə yayılan ali sporlu və borulu bitkiləri (1792 növ), ibtidai bitkiləri (mamırlar - 58 növ, yosunlar - 77 növ, şibyələr - 117 növ), həmçinin göbələkləri (341 növ) əhatə edir. Nəşrdə naturalizasiya olunmayan və ya geniş miqyasda becərildiyi üçün tez-tez rast gəlinən yad növlər, meyvə ağacları və kənd təsərrüfatı bitkilərinin botaniki-morfoloji xüsusiyyətləri də yer alır. Bitkilərin bioekoloji göstəriciləri, arealları və istifadəsinə dair cədvəllər hazırlanıb. Kitabın əvvəlində Qarabağ və Şərqi Zəngəzur ərazisinin bitki örtüyü, botaniki-coğrafi rayonları, meşə massivləri, eləcə də ərazidə yayılan 91 nadir, 10 endemik, 50 subendemik və 22 relikt növə dair xəritələr təqdim olunub.
Direktor bildirib ki, Botanika İnstitutu ilə İsveçrənin Meşə, Qar və Landşaft Federal Tədqiqat İnstitutu arasında imzalanmış ikitərəfli əməkdaşlıq sazişinə əsasən İsveçrə Milli Elm Fondunun maliyyələşdirdiyi “Azərbaycanda ağaclarla assosiasiyada olan patogen göbələklər və omisetlər: müxtəliflik, yayılma, yerli təsir və Avropa ağac növləri üçün potensial təhlükə” adlı üçillik layihənin icrasına 2024-cü ilin sentyabrından başlanılıb. Layihə çərçivəsində Azərbaycanda mikoloji tədqiqatların səviyyəsinin yüksəldilməsi məqsədilə iki yeni laboratoriya qurulub, müasir avadanlıq və materiallarla təchiz edilib. Bu il oktyabrın 16-da İsveçrənin Azərbaycandakı səlahiyyətli səfiri Tomas Ştəlinin iştirakı ilə laboratoriyaların rəsmi açılışı keçirilib.
“Bununla yanaşı, Botanika İnstitutu ilə Böyük Britaniyanın Kyu Kral Botanika Bağları və Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə birgə “Qafqaz Ağac Toxum Bankının İnkişafı” (2022-2027) layihəsi üzrə tədqiqatlar davam etdirilir. Layihə Qafqaz regionunda nəsli kəsilmək təhlükəsi altında olan ağac və kol növlərinin qorunmasını gücləndirmək, toxum kolleksiyalarını genişləndirmək və genetik təmsilçiliyi artırmaq məqsədi daşıyır. Bu təşəbbüs həm növlərin uzunmüddətli mühafizəsini, həm də gələcək bərpa, seleksiya və elmi tədqiqatlar üçün etibarlı material bazasının formalaşdırılmasını təmin edir. Layihə Azərbaycanda nadir və təhlükə altında olan ağac növlərinin mühafizəsi tədbirlərini gücləndirir, milli toxum bankının fəaliyyətinə töhfə verir və botanika elminin beynəlxalq elmi mühitə inteqrasiyasını genişləndirir”,- deyə professor əlavə edib.
Alim bildirib ki, hazırda “Azərbaycan florasının konspekti” mövzusunda elmi-tədqiqat proqramı üzrə işlər aparılır. Bu çərçivədə Azərbaycan florasının müasir taksonomik nomenklatura bazalarına uyğun şəkildə təftişi həyata keçirilib və əldə olunan yeni məlumatlar elmi əsər şəklində hazırlanıb.