Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Təhsildə strateji idarəetmə fənni çərçivəsində Təhsilin təşkili və idarə edilməsi (MBA) ixtisaslaşmasının II kurs magistrantlarının universitetin rektoru professor Cəfər Cəfərov ilə görüşü təşkil olunub.
ADPU-dan bildirilib ki, görüşün əsas məqsədi tələbələrə ali təhsildə strateji idarəetmənin praktiki tətbiqi haqqında məlumat vermək, idarəetmə proseslərinin real şəraitdə təhlilini təqdim etmək və tələbələrin təhsil layihələrinə dair təşəbbüskarlığını artırmaq olub.
Rektor çıxışı zamanı tarixin inkişaf mərhələləri, müasir dövrün tələbləri, texnologiyanın təhsil sahəsinə təsiri və təhsilin strateji inkişaf istiqamətləri barədə geniş məlumat verib. O qeyd edib ki, dinamik dəyişən dünyada təhsil sistemi çevik, innovativ və davamlı inkişaf meyillərinə uyğun olmalıdır. Ulu Öndər Heydər Əliyevin “Mən müəllim adından yüksək ad tanımıram” sitatını xatırlayaraq, müəllim peşəsinin cəmiyyətdə rolu barədə söz açan rektor ölkədə aparılan kadr islahatları, müəllim hazırlığına dair yenilənmiş standartlar və müvafiq statistik göstəricilər barədə məlumat verib. C.Cəfərov çıxışında Azərbaycanın Vətən müharibəsində əldə etdiyi tarixi Qələbənin milli inkişaf prosesində rolunu xüsusi vurğulayıb. Qeyd edilib ki, bu Qələbə, eyni zamanda, təhsil sisteminin üzərinə yeni məsuliyyətlər qoyur - müasir tələblərə cavab verən, yüksək vətənpərvərlik ruhuna malik, bilikli və innovativ düşüncəli gənclərin hazırlanması zərurətini daha da aktuallaşdırır.
Sonra ADPU-nun prorektoru professor Asəf Zamanov və Ümumi pedaqogika kafedrasının dosenti Müslüm Nəzərov təhsildə strateji idarəetmə, akademik fəaliyyətin təkmilləşdirilməsi və müasir pedaqoji yanaşmalar barədə fikirlərini bölüşüblər.
Görüşün sonunda magistrantlar təhsil idarəetməsi, innovativ layihələr, tədrisin keyfiyyəti və strateji yanaşmalar barədə sual və təkliflərini səsləndiriblər.