Logo

Terminologiya elminə dəyərli töhfə

26.11.2025 16:24 60 baxış
IMG

AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin müdiri filologiya elmləri doktoru professor Sayalı Sadıqovanın “Azərbaycan terminologiyasının nəzəri əsasları” monoqrafiyası nəşr olunub.

İnstitutdan bildirilib ki, monoqrafiyada Azərbaycan terminologiyasının tədqiqi tarixi və inkişafı, terminologiyanın ümumi nəzəri problemləri, anlayışların definitivləşməsi, terminlərin yaranma prosesi, dillərin qarşılıqlı zənginləşməsi, alınmalar və beynəlxalq terminlərin səciyyəvi xüsusiyyətləri, beynəlmiləl terminlərin yaranma mənbələri və dildə mənimsənilmə və standartlaşma problemləri araşdırılıb. Əsərdə Azərbaycan dilində termin yaradıcılığının istiqamətləri müəyyənləşdirilir, dildə meydana gələn proseslər izlənilir, yeni terminlərin yaranma mənbələri, Azərbaycan dilində terminologiyanın inkişaf meyilləri müəyyənləşdirilir, termin yaradıcılığının mənbə və üsulları dəqiqləşdirilir, leksik-semantik, morfoloji, sintaktik və kalka yolu ilə yaranan yeni terminlərin xüsusiyyətləri müəyyənləşdirilir. Həmçinin avropamənşəli alınma terminlərin təsnifatı, onların alınma amilləri, genealoji tərkibi şərh olunur. Monoqrafiyada beynəlmiləl terminlər, onların struktur-semantik xüsusiyyətləri, qoşa terminlər, terminologiyada alınmaların leksik-funksional paralelliyi, Azərbaycan dilində alınma terminlərin semantikası məsələləri tədqiq edilib.

Azərbaycan dilinin daxili imkanları əsasında yaranan terminlərin terminoloji bazanın əsas hissəsini təşkil etməsi, dillərin qarşılıqlı zənginləşməsində qohum və qohum olmayan dillərin əlaqəsi, həmçinin beynəlmiləl və alınma terminlər nəzəri aspektdə tədqiqata cəlb edilib. Terminlərin alınmasını şərtləndirən səbəblər, dünya dillərində alınma terminlərin yaranma mənbələri, terminlərin alınma yolları təyin edilir, Azərbaycan dilində alınma terminlər mənşəyinə görə qruplaşdırılır.

Monoqrafiyada Azərbaycan terminologiyasının struktur-genetik xarakteristikası verilib, elmi dilin spesifik cəhətləri, terminologiyada baş verən semantik proseslər, Azərbaycan dilində terminləşmənin yolları və aktual linqvistik problemlər öz həllini tapıb.

Xəbər lenti