Logo

ADNSU tələbələri Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda olublar

27.11.2025 10:48 75 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin “Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası” kafedrasının "Qida mühəndisliyi" ixtisası üzrə IV kurs tələbələri kafedranın müəllimi Nərgiz Sultanovanın rəhbərliyi ilə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutuna səfər ediblər.

Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, səfər çərçivəsində institutun müxtəlif laboratoriyalarında aparılan müasir elmi-tədqiqat işləri ilə bağlı tələbələrə ətraflı məlumat verilib. Aqrobiotexnologiya laboratoriyasının müdiri Zərbəyim Babacanova biotexnoloji üsullarla, xüsusilə apekial meristem kulturası vasitəsilə yerli və introduksiya olunmuş bitkilərdən virusdan azad, sağlam əkin materialının əldə edilməsi, həmçinin ELİSA metodu ilə qida əhəmiyyətli bitkilərdə virusların təyini barədə tələbələri məlumatlandırıb.

Funksional analizlər laboratoriyasının müdiri Xədicə Həsənli maye və qaz xromatoqrafiyası üçün nümunələrin hazırlanması, eləcə də qida məhsullarında pestisidlərin təyin edilməsi proseslərini izah edib. Laboratoriyanın böyük elmi işçiləri Nəzrin Rəhmanova və Zeynəb Quliyeva torpaq nümunələrinin analizi ilə bağlı geniş məlumat veriblər.

Emal, saxlama və keyfiyyət laboratoriyasının müdiri Sevda Adıgözəlova meyvələrin qurudulması və saxlanılması texnologiyalarını təqdim edib. Bundan əlavə, Toxumçuluq şöbəsinin böyük elmi işçisi Məcid Adıgözəlov və İstixana tərəvəzçiliyi şöbəsinin aparıcı elmi işçisi Zenfira Əliyeva toxumların ekspertizası mərhələləri ilə bağlı mühüm məqamları tələbələrin diqqətinə çatdırıblar.

Səfərin əsas məqsədi tələbələri qida mühəndisliyində tətbiq olunan müasir biotexnoloji və kimyəvi metodlarla yaxından tanış etmək, onların elmi maraqlarını artırmaq və elmi-tədqiqat fəaliyyətinə təşviq etmək olub. 

Xəbər lenti