Bakı Mühəndislik Universitetində (BMU) “Azad Mirzəcanzadə İnkişaf Proqramı” ilə bağlı tələbələr üçün infosessiya keçirilib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə universitetdə təhsil alan tələbələrin yerli və beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərdən, bir sıra proqram, eləcə də startap layihələrində innovativ ideyalarla uğurlu çıxışlarından söz açıb. “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın tələbələrin öz potensiallarını inkişaf etdirmələri üçün əhəmiyyətini önə çəkən prorektor onları layihənin yaratdığı imkanlardan faydalanmağa çağırıb.
Sonra proqramın rəhbəri Leyla Seyidzadə layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, 2023-cü ildən həyata keçirilən bu proqram insan kapitalının inkişafına xidmət məqsədi daşıyaraq gənclərin innovativ düşüncə, sosial məsuliyyət, elmi yanaşma əsasında formalaşmasına dəstək olur, onlara təşəbbüskarlıq, yaradıcılıq və ictimai faydalı ideyalarını reallaşdırmaq üçün mentorluq, təlim, eləcə də maliyyə dəstəyi təqdim edir. Proqramın akademik Azad Mirzəcanzadənin adını daşımasının təsadüfi olmadığını deyən Leyla Seyidzadə böyük alimin elmə gətirdiyi yeniliklər, verdiyi mühüm töhfələrdən danışıb, proqramın da məhz onun elmdəki prinsiplərinin növbəti nəsillərə ötürülməsi məqsədi daşıdığını söyləyib.
Tədbir çərçivəsində layihənin əhatə etdiyi istiqamətlər, icra mərhələləri, qeydiyyat, seçim prosesi və s. məqamlar da iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, gələcəyə töhfə verməyə çalışan gənclər bu proqrama həm fərd, həm də komanda şəklində qatıla bilərlər.
İnfosessiyanın sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.