Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru professor Cəfər Cəfərov Azərbaycanda ilk dəfə keçirilən Azərbaycan Beynəlxalq Robot Olimpiadasında ADPU-nu təmsil edərək “Mega Sumo” və ”Line folowing” kateqoriyalarında müvafiq olaraq II və III yerlərə layiq görülən "Farad" komandasının üzvlərini qəbul edib.
Universitetdən TƏHSİL.BİZ -ə bildirilib ki, görüşdə Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, ADPU-nun Elmi-Tədqiqat Mərkəzinin direktoru dosent Ərastun Mehdiyev və komandanın üzvləri Həsənova Nərmin, Şəfiyev Uğur, Cəfərova Tünzalə, Hacılı Əsmər və Qəfarova Zeynəb iştirak ediblər.
Görüş zamanı prof. C.Cəfərov gənclərin intellektual səviyyəsinin yüksəldilməsində STEAM Mərkəzinin əhəmiyyətindən danışıb. Rektor elmin yüksək pilləsinə qalxmaq üçün nəzəriyyə və praktikanın vəhdətini vurğulayaraq qalib tələbələri təbrik edib.
Eyni zamanda bu uğura imza atan fakültənin gənc tədqiqatçı müəllimlərindən olan f.f.d. Vəfa Abdurahmanovanın əməyini yüksək qiymətləndirərək fəaliyyətində uğurlar arzulayıb.