Logo

AzMİU-da yeni laboratoriyalar istifadəyə verilib

19.05.2025 17:18 73 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tədris və tədqiqat infrastrukturunun müasirləşdirilməsi istiqamətində növbəti addım atılıb. bp şirkətinin maliyyə dəstəyi ilə universitetdə üç yeni və tam təchiz edilmiş laboratoriya istifadəyə verilib.

AzMİU-dan TƏHSİL.BİZ -ə bildirilib ki, bu laboratoriyalar mühəndislik sahəsində innovativ yanaşmaların tətbiqinə, müasir tədris metodlarının inkişafına və tələbələrin praktiki biliklərinin artırılmasına xidmət edir. Təşəbbüs bp-nin AzMİU-ya daha əvvəl təqdim etdiyi laboratoriyalara əlavə olaraq universitetin texniki bazasını genişləndirmək məqsədi daşıyır.

İstifadəyə verilən yeni laboratoriyalar:

-Ventilyasiya, su təchizatı və istilik texnikası laboratoriyası Mühəndis sistemləri və qurğularının tikintisi kafedrasına;

-Nasos və nasos qurğuları laboratoriyası Meliorasiya və su təsərrüfatı tikintisi kafedrasına;

-Daxili yanma mühərrikləri və hidravlik intiqal laboratoriyası Texnoloji maşın və avadanlıqlar kafedrasına təqdim edilib.

bp-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli açılış mərasimində deyib: “İxtisaslaşdırılmış tədris obyektləri və müasir infrastruktur tədrisin keyfiyyətini artırmaqla yanaşı, yeni nəsil memar və mühəndislərin yetişdirilməsində mühüm rol oynayır. Biz AzMİU-nun texniki imkanlarının genişləndirilməsinə və ölkəmizdə yüksəksəviyyəli təhsil və elmi tədqiqatların inkişafına töhfə verməkdən məmnunuq”.

Layihənin ümumi dəyəri 170 245 manat (təxminən 100 144 ABŞ dolları) təşkil edir. Bu vəsaitə laboratoriya avadanlıqlarının alınması, çatdırılması və quraşdırılması, eləcə də universitet heyətinin yeni texnologiyalardan istifadə üzrə təlimi daxildir.

Xəbər lenti