Logo

Dillər Universitetinin Konfutsi İnstitutunda Çin dili səviyyə imtahanı keçirilib

21.05.2025 10:55 48 baxış
IMG

Çin dili üzrə rəsmi imtahan mərkəzi olan, Azərbaycan Dillər Universitetinin nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunda “Hanyu Shuiping Kaoshi” (HSK) və “Hanyu Shuiping Kouyu Kaoshi” (HSKK) imtahanları keçirilib.

Konfutsi İnstitutundan TƏHSİL.BİZ -ə bildirilib ki, bu imtahan beş səviyyəni - HSK 1-4 və HSK 6 səviyyələrini, həmçinin HSKK-nın başlanğıc, orta və qabaqcıl səviyyələrinu əhatə edən oflayn kağız əsaslı testdir.

İmtahanda ADU-dan, Bakının digər universitetlərindən, eləcə də Konfutsi İnstitutundan 100-dən çox tələbə iştirak edib.

İmtahanqabağı məsləhətləşmələr zamanı Konfutsi İnstitutunun müəllimləri iştirakçıları Çin dili səviyyə imtahanlarının məzmunu, qrammatik strukturlar, sözlərin və heroqliflərin əsas yazılış qaydaları və bilikləri sahəsində qoyulan tələblərlə tanış ediblər.

ADU-nun Konfutsi İnstitutunun direktoru Rafiq Abbasov qeyd edib ki, 2021-ci ildən Çin Təhsil Nazirliyi Çin dilini bilmə səviyyəsinin qiymətləndirilməsi üçün yeni standartları təsdiqləyib. Yeni HSK 3.0 formatı üç mərhələdən və doqquz səviyyədən ibarətdir. Dinləmə, oxuma, şərh və tərcümədən ibarət olan imtahan zamanı iştirakçıların həm söz ehtiyatı, həm də şifahi ünsiyyət bacarıqları qiymətləndirilir, o cümlədən situasiya məşqləri və tapşırıqlar təqdim olunur.

HSK və HSKK imtahanlarının müvəffəqiyyətlə keçirilməsi və beynəlxalq sertifikatların alınması iştirakçılar üçün Çin Xalq Respublikasında təqaüdlə təhsil almağa, eləcə də bu ölkənin şirkətlərində məşğulluq imtiyazlarına imkan yaradır.

R.Abbasov, həmçinin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin ADU-nun Konfutsi İnstitutunun bazasında Çin dilinin tədrisinin genişləndirilməsinə yeni təkan verdiyini vurğulayıb. Bu sənəddə dil mübadiləsi sahəsində əməkdaşlığın inkişafı ilə yanaşı, iki ölkənin təhsil müəssisələrində Çin və Azərbaycan dillərinin tədrisi təşviq edilir, Konfutsi institutlarının inkişafına dəstək verilir.

HSK və HSKK imtahanlarının uğurla keçirilməsi Azərbaycanda dil öyrənməyə artan marağı və Çin dilini bilmə səviyyəsinin yüksəldildiyini nümayiş etdirməklə yanaşı, həm də Azərbaycanda Çin dilinin tədrisinin daha da inkişafına və Konfutsi İnstitutu tərəfindən göstərilən təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə töhfə verir.

Xəbər lenti