AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan “Dədə Qorqud” elmi-ədəbi toplusunun 87-ci nömrəsi çapdan çıxıb.
İnstitutdan TƏHSİL.BİZ-ə bildirilib ki, professor Ramazan Qafarlının redaktorluğu ilə ildə dörd dəfə nəşr olunan jurnalın bu nömrəsində maraqlı elmi məqalələr, Azərbaycan folklorundan yeni nümunələr, türk xalqları folklorundan örnəklər və başqa yazılar altı rubrikada öz əksini tapıb.
Toplunun “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” rubrikasında “Kitabi-Dədə Qorqud” və “Koroğlu” dastanlarının struktur-semantik və tipoloji təhlili”, “Dədə Qorqud kitabı”nda mətn bərpası” və “Kitabi-Dədə Qorqud” dastanında bioqrafik zaman” başlıqlı məqalələr oxucuların ixtiyarına verilib.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində “Koroğlu: mifik qəhrəmandan haqq arayan epik qəhrəmana keçid”, “Azərbaycan mərasim folklorunda su kultu və onun əcdad kultu ilə bağlı semantikası”, “Azərbaycan atalar sözləri və məsəllərinin “çoxyarpaq” və ya “çoxçarpaz qafiyə” formulları, onların funksional semantikası”, “Azərbaycan dili dərsliklərində qəhrəmanlıq dastanlarının tədrisi”, “Qarabağ folklorunda inanclar”, “Söyləyici təhkiyəsinin xüsusiyyətləri və şifahi örnəklər (Azərbaycan örnəkləri əsasında)”, “Epik folklor nümunələrində multikultural dəyərlərin ifadəsi və mənimsənilməsinin təşkili və tədrisi”, “Heydər Əliyev və Azərbaycan folkloru”, “Azərbaycan milli musiqi alətlərinin əfsanəvi memarı”, “Azərbaycan nağıllarında şaman arxetipinin paradiqmaları” adlı məqalələrlə tanış olmaq mümkündür.
“Tərcümə materialı” rubrikasında “Mifdə ikili ziddiyyət: keçmişə baxışda Propp/Levi-Strauss mübahisəsi” məqaləsi yer alıb.
Toplunun “Azərbaycan folklorundan yeni nümunələr” rubrikasında dosent İlkin Rüstəmzadə tərəfindən toplanılıb yazıya alınmış Qərbi Azərbaycan folklor örnəkləri, “Cənubi Azərbaycan folklorundan nümunələr” bölməsində Qaşqay folklor nümunələri, “Türk xalqlarının folklorundan yeni nümunələr” bölməsində isə dosent Ləman Vaqifqızının (Süleymanova) toplayıb çapa hazırladığı İraq- türkman folklor örnəkləri verilib.
Jurnalın “Yeni nəşrlər” rubrikasında “Dədə Qorqud” kitabı (Drezden nüsxəsi)” (Bakı, “Elm və təhsil”, 2024) və “Dədə Qorqud” kitabı (Bursa nüsxəsi)” (Bakı, “Elm və təhsil”, 2024) kitabları haqqında məlumat təqdim olunub.
Xatırladaq ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.